Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan öz bəyanatlarında nəinki erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə qeyri-ciddi yanaşmasını göstərir, eyni zamanda, erməni diplomatiyasının uğursuzluğunu gizlətmək məqsədilə öz həmvətənlərini, cəmiyyətini və dünya birliyini aldatmaqla məşğul olur. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.
“Nalbandyanın çıxışlarında beynəlxalq hüququn prinsip və normalarına, BMT və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinə dair qərarlarına elementar hörmət belə yoxdur “, – Abdullayev bildirib.
Onun sözlərinə görə, bütün bu prinsiplər həm Nalbandyanın təmsil etdiyi ölkənin prezidenti tərəfindən imzalanan və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında tənzimlənməsini nəzərdə tutan Mayndorf bəyanatında, həm də BMT və ATƏT-in qərarlarında və Azərbaycan ərazilərinin işğalını tanıyan və erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən bir çox beynəlxalq təşkilatların bəyanatlarında öz əksini tapıb… Trend.