Ermənistanın siyasi rəhbərliyinin sülh yolu ilə Azərbaycan torpaqlarını işğaldan azad etməyə hazır olmaması və iradə nümayiş etdirə bilməməsi danışıqları uğursuzluğa düçar edib. Trend-in məlumatına görə, bunu Bakıda ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini Ermənistanın təcavüzkar siyasəti davam etdirməsini bölgədə sülh və sabitliyin bərqərar olmasına əsas maneə kimi qiymətləndirib, təcavüzün nəticələrinin dünya ictimaiyyəti tərəfindən qəbul edilmədiyini bildirib. Məlumatı çərşənbə axşamı XİN-in mətbuat xidməti yayıb.
Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Xələfov Ermənistanın öz qonşularına qarşı ənənəvi olaraq, ərazi iddiaları ilə çıxış etməsi və təcavüzkar siyasət yeritməsinin onun regional layihələrdən kənarda qalmasına səbəb olduğunu vurğulayıb.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən nazir müavini Azərbaycanın ABŞ-ın subyektləri ilə də əlaqələrə xüsusi əhəmiyyət verdiyini qonaqların diqqətinə çatdırıb… Trend.