“Rusiyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı digər MDB ölkələri ilə müqayisədə çox azdır”…
“Rusiyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı digər MDB ölkələri ilə müqayisədə çox azdır”
Moskva. Fərid Əkbərov – APA. “Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələrdən sonra Rusiyadan deportasiya olunan azərbaycanlıların sayı elə də çox deyil”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federal Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Vladimir Volox deyib.
Onun sözlərinə görə, Qərbi Biryulevo rayonunda baş verən hadisələrdən sonra saxlanılan Azərbaycan vətəndaşlarının sayı çox olub: “Lakin digər ölkələrdən olan miqrantlarla müqayisədə Azərbaycandan olan miqrantların sənədləri qaydasında olub. Polis və Federal Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlıların əksəriyyəti sərbəst buraxılıb. Konkret rəqəmlər olmasa da, ümumilikdə Rusiyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı digər MDB ölkələri ilə müqayisədə çox azdır”.
Rusiyada yaşayan azərbaycanlıların miqrant kimi özlərini normal apardığını söyləyən V.Volox KİV-də nümayiş olunanların uzağı görməyən adamların əməli olduğunu bildirib: “Azərbaycanlılar miqrant kimi özlərini çox yaxşı aparırlar. Federal Miqrasiya Xidməti yanında İctimai Şura Azərbaycan diaspor təşkilatları ilə daim əlaqədədir. Azərbaycanın diaspor təşkilatları miqrantların Rusiya cəmiyyətinə inteqrasiyasında fəal iştirak edirlər”.
V.Volox hazırda Rusiyada 11 milyon xarici vətəndaşın olduğunu söyləyib: “Bunlardan 700 min nəfəri Rusiyada daimi yaşayanlardır. Qalanlar isə qısa müddətə bura gələnlərdir. Bunların içində tələbələr və ya müvəqqəti iş dalınca gələnlər yer alırlar”.
Rusiyanın miqrantlarla bağlı probleminin əsas səbəbinin idarəçiliklə bağlı olduğunu söyləyən V.Volox bildirib ki, artıq Rusiyanın miqrasiya siyasəti ilə bağlı dövlət konsepsiyası hazırlanıb və prezident Vladimir Putin tərəfindən imzalanıb: “Bu konsepsiya Rusiya dövlətinin miqrasiya strategiyasını müəyyən edəcək. Konsepsiyanın əsas məqsədi dövlətin milli təhlükəsizliyini, demoqrafik vəziyyəti, miqrantlardan istifadə etməklə sosial-iqtisadi inkişafı təmin etməkdən ibarətdir”. /Apa/