Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi Cenevrə şəhərində yerləşən və əməkdaşlıq etdiyi Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2013-cü ilin dekabr ayında 2012-ci il üzrə müharibə hesabatının təqdimat mərasimində iştirak etmişdir…
Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi Cenevrə şəhərində yerləşən və əməkdaşlıq etdiyi Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2013-cü ilin dekabr ayında 2012-ci il üzrə müharibə hesabatının təqdimat mərasimində iştirak etmişdir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş Daimi Nümayəndəliklər (ABŞ, Rusiya, Xorvatiya, Avstriya, İsveçrə, Almaniya, Əfqanıstan, Qvatemala və s.), beynəlxalq təşkilatlar (BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Human Rights Watch, Amnesty International və s.), akademik dairələrin nümayəndələri və Məzun İnstitutunda təhsil alan tələbələr iştirak etmişlər.
Sözügedən İnstitut və Cenevrə Universitetinin birgə mərkəzi olaraq fəaliyyət göstərən Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanmış və “Oxford ” Universitetinin nəşriyyat evi tərəfindən çap edilmiş 2012-ci il üzrə müharibə hesabatı ilk dəfə olaraq cari ildə buraxılmışdır. Hesabatda 2012-ci ildə 24 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 37 silahlı münaqişə haqqında məlumat verilmişdir. Hesabatın buraxılışında məqsəd, sözügedən hesabatın dövlətlər, BMT və onun ixtisaslaşdırılmış təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün dünyada mövcud olan münaqişələr ilə bağlı arayış və istinad mənbəyi qismində istifadə edilməsidir.
Hesabatda Azərbaycan ərazilərinin Ermənistan qüvvələri tərəfindən işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi faktı birmənalı şəkildə təsdiq edilmiş, münaqişə tərəflərinin yalnız Azərbaycan və Ermənistan olması vurğulanmışdır. Hesabatın Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş 29-33-cü səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin yeddidə bir hissəsindən çoxunun işğal edildiyi bildirilmiş, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılmışdır. Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı ” adlanır.
Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssis görüşlərinin keçirilməsinə məsul qurumdur. Cenevrə Akademiyası sözügedən fəaliyyətin həyata keçirilməsi məqsədilə 2007-ci ildə Cenevrə Universitetinin Hüquq Fakültəsi və Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən birgə təsis edilmişdir. Cenevrə Akademiyasını məqsədlərinin həyata keçirilməsində Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər Federal Departamenti dəstəkləyir. /Trend/