Elnur Aslanov: “İşğalçı Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır”

“Bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır. Bu müharibənin sxemi belədir: milli dövlət, onun lideri, siyasi elitası hədəf götürülür, xalq, onun əsrlərlə yaratdığı, yaşadığı milli dəyərlərin dəyərsizləşdirilməsinə cəhdlər edilir, müstəqilliyimizi, suverenliyimizi zəiflətməyə, siz gəncləri öz məkrli niyyətlərində alət etməyə hesablanan niyyətlər üçün fürsətlər axtarılır”…

“Bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır. Bu müharibənin sxemi belədir: milli dövlət, onun lideri, siyasi elitası hədəf götürülür, xalq, onun əsrlərlə yaratdığı, yaşadığı milli dəyərlərin dəyərsizləşdirilməsinə cəhdlər edilir, müstəqilliyimizi, suverenliyimizi zəiflətməyə, siz gəncləri öz məkrli niyyətlərində alət etməyə hesablanan niyyətlər üçün fürsətlər axtarılır”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışında deyib: “Bu mənada müşahidə olunanları belə qruplaşdırmaq olar: Birincisi, ikili standartlar- çox vaxt görürük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. Bunu ölkə həyatında əlamətdar, tarixi hadisələr olan dövrlərdə daha intensiv hiss etmək olur. İkincisi, Azərbaycana qarşı formalaşdırılan streotiplər- burada da yenə erməni lobbisinin böyük rolu duyulur, Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır, dezinformasiya yolu ilə yanlış rəylər formalaşdırılır. Üçüncüsü, Azərbaycanın müstəqil siyasətinin bəzi qüvvələr tərəfindən bəyənilməməsi, həzm edilməsi- Azərbaycanı özlərindən asılı vəziyyətə salmaq istəyənlərin hər dəfə uğursuzluğa düçar olması onları bəzən az qala qisas almağa sövq edir”.

PA rəsmisi deyib ki, bütün bunların qarşısında güclü vətəndaş amili, dövlət-vətəndaş birliyi ən böyük səddir: “Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, ona xidmət dayanır. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa getməyə hazır olmalıdır, Vətənin müstəqilliyi hər şeydən üstündür”.

 

E. Aslanov deyib ki, bu gün Azərbaycan bölgədə sabitlik, təhlükəsizlik məkanı kimi tanınır, regionda sabitləşdirici rola malikdir: “Lakin təəssüflər olsun ki, Ermənistanın Azərbaycan qarşı təcavüzü, işğalçılıq, terrorçuluq siyasəti bütün bölgəni, Avropa məkanını ciddi təhdid altında saxlayır. Biz bu işğalla barışmırıq. Təcavüzkar siyasət yürüdən Ermənistanın təkcə Azərbaycan və Türkiyə tərəfindən deyil, digər ölkələr, beynəlxalq və regional təşkilatlar tərəfindən də cəzalandırılmasını istəyirik.

 

BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir neçə saat içərisində icra olunduğu halda, 20 ildir ki, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı qətnamələr kağız üzərində qalır, icra edilmir. Azərbaycan ədalətin bərpa olunması üçün bütün mümkün olanları edir və edəcək. Ən böyük güzəştimiz bu illər ərzində aparılan danışıqlardır. Ərazi bütövlüyümüzün bərpa olunması üçün digər yollar heç vaxt istisna edilməyib, bu, bizim suveren hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq bunun üçün Ermənistan danışıqları pozmamalı, konstruktivlik nümayiş etdirməlidir. Yalnız belə olan halda sülh sazişi üzərində işə başlamaq mümkün olacaq”.

 

PA şöbə müdiri daha sonra vurğulayıb ki, indidən post-konflikt dövrünə də hazır olmalıyıq: “Gec-tez bu münaqişə həllini tapacaq, başqa cür ola da bilməz. Getdikcə güclənən Azərbaycanın qarşısında Ermənistan, onun arxalandığı qüvvələr uzun müddət dayana bilməyəcək. Artıq bu reallıqdır ki, Ermənistan sürətlə boşalır. Biz bölgədə dearmenizasiya prosesinə şahidlik edirik. Ermənilər yoxsulluqdan Cənubi Qafqazı tərk edirlər, başqa ölkələrə qaçırlar. İşğalçı Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır, bunu gizlətmirik, İrəvanın təcavüzkar siyasəti davam etdikcə, bu proses dayanmayacaq”. /APA/