18 dekabr tarixi – Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin (AMMKHM İB) ofisində Azərbaycanda yaşayan miqrantların bir qrup nümayəndəsi ilə görüş keçirilmişdir.
İB-nin sədri Nadir Abdullayev Əfqanıstandan, İrandan, Çeçenistandan, Pakistandan, İraqdan, Gürcüstandan olan miqrantları salamlamış, Azərbaycan dövlətinin ölkəmizdə yaşayan miqrantların yaşayiş şəraitinin Azərbaycan Respublikasının miqrantlar haqqında qanununa uyğun olaraq normallaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, həmçinin İB-nin miqrantlarla bağlı gördüyü işlərdən danışmışdır.
İB-nin əməkdaşı, “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov qeyd etmişdir ki, hazırda Azərbaycanda Gürcüstandan, Rusiyadan, Pakistandan, İrandan, İraqdan və digər ölkələrdən 100 mindən artıq miqrant yaşayır, onların yaşayış və məşğulluq problemlərinin həlli istiqamətində dövlət səviyyəsində işlər görülsə də, bu insanların bir çoxunun müxtəlif problemləri vardır.
Çeçenistandan olan miqrant Ramzan Mollayev, Əfqanıstandan olan miqrant Həmzə İmami, İrandan olan miqrant Xosrov Heydəri və başqaları ölkələrindən Azərbaycana pənah gətirmiş həmyerlilərinin üzləşdikləri problemlərdən danışmış, bunların aradan qaldırılmasında köməyə ehtiyac olmasını diqqətə çatdırmışlar.
İB-nin sədri N.Abdullayev həmin problemlərin respublikanın müvafiq orqanlarına çatdırılacağını qeyd etmişdir.