Azərbaycanın silahlanmaya lazım olan qədər vəsait ayırması mübahisəsiz məsələdir. Azərbaycanın hərbi ritorikası da beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanmır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib…
Azərbaycanın silahlanmaya lazım olan qədər vəsait ayırması mübahisəsiz məsələdir. Azərbaycanın hərbi ritorikası da beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanmır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Cənubi Osetiya müharibəsindən əvvəl Rusiya ilə Gürcüstanın arasında 70-dən çox nota mübadiləsi olmuşdu: “Gürcüstanın müharibə ilə bağlı səsləndirdiyi bütün fikirlər rəsmi Moskva tərəfindən dərhal etirazla qarşılanırdı. Rusiya Dağlıq Qarabağda ehtimali-müharibə ilə bağlı Azərbaycan tərəfindən səslənmiş heç bir fikrə kəskin münasibət bildirməyib. Rusiyada başa düşürlər ki, Azərbaycan Gürcüstan deyil. Bu, təkcə Azərbaycanın əhali və ərazicə Gürcüstandan böyük olması ilə şərtlənmir. Qarşılıqlı maraqlı perspektiv var “.
M.Əhmədoğlu hesab edir ki, hərbə ayırdığımız vəsaitin miqdarının və hərbi ritorikamızın indi kəmiyyətdən keyfiyyətə növbəti mərhələyə keçməsinin vaxtıdır, bəlkə də gecikmişik: “Azərbaycanın hərbi gücümüzün praktiki tətbiqinin yubanması hərbi qüdrətimizi şübhə altına ala bilər. İşğalçı qonşumuz orijinal məziyyətləri olan xalqdır; Ermənilər mahir blef ustasıdırlar. Serj Sarkisyan Dağlıq Qarabağda hərbi hissələrdə olarkən ətrafında heç bir hərbi texnika nümayiş etdirilmədi. Əgər Ermənistanın müasir hərbi texnikası olsaydı, bunu dərhal nümayiş etdirərdi. Ermənistanın hava hücumundan müdafiə sistemi güclü olsaydı, vaxtaşırı 5-6 təyyarə və vertolyotunu vurmaqla özünün hərbi hava qüvvələrinin gücünü nümayiş etdirərdi “.
Politoloqun fikrincə, Rusiya ilə Ermənistan arasında Vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında deyilənlər də cəfəngiyatdan başqa bir şey deyil: “Azərbaycan cəmiyyətində olan rus qorxusundan Ermənistan öz maraqları üçün ağıllı şəkildə istifadə edir. Ermənistanın hava məkanının Rusiya tərəfindən qorunmasına çoxdan çalışır. V.Putinin birinci prezidentliyi dövründə bu təklif ortaya çıxdı. Rusiya qulaqardına vurdu. Dmitri Medvedevin prezidentliyi dövründə Ermənistan yenidən Vahid Hava Hücumundan Müdafiə məkanın yaradılması məsələsini qaldırdı. Beş ildir, Rusiya ilə Ermənistanın arasında Vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması haqqında danışıqlar gedir. Təşəbbüskar Ermənistandır. Amma hələ ki, Rusiya müqavilənin imzalanmasına razılıq verməyib. Rusiyanın Ermənistana silah satması ilə bağlı deyilənlər Ermənistanın antiazərbaycan təbliğatından başqa bir şey deyil “.
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın hərbi qüdrətinin praktiki tətbiqi müharibənin başlanması demək deyil.
Politoloqun sözlərinə görə, Azərbaycanda hərbi parad keçirilməsi elan olunan dövrdən, parad qurtardıqdan sonra bir neçə ay ərzində Ermənistan cəmiyyəti xof içində yaşayır: “Hər gün hərbi parad keçirmək olmaz, amma alınan silahların müxtəlif iqlim, təbii-coğrafi şərait adı altında hər bir silahın 8-10 dəfə sınağını keçirmək olar. Bu sınaqlar ermənilərə öldürücü təsir edəcək “.
M.Əhmədoğlu əlavə edib ki, Azərbaycan hərbi aviasiya baxımından həmişə Ermənistandan güclü olub. O, bildirib ki, Azərbaycan aviasiyası həqiqi mənada erməni üçün psixoloji parametrdir: “Bu vaxtadək Azərbaycan aviasiyası “qoşunların təmas xətti ” adlı erməni anlayışını populyarlaşdırmaq, ciddiləşdirməklə məşğuldur desək, o qədər yanılmarıq. Azərbaycan aviasiyası Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərimizin üzərində hərbi reydlər keçirməlidir “.
Politoloq vurğulayıb ki, hərbi reydlərin keçirilməsi zamanı anonsa xüsusi diqqət vermək lazımdır: “Anons hərbi reydlərin keçirilməsi qədər zəruri element hesab edilməlidir. Xarici ölkələrin ölkəmizdəki səfirliklərinin hərbi attaşeləri, həmsədrlər əvvəlcədən məlumatlandırılmalıdırlar. Eyni zamanda, Dağlıq Qarabağdakı erməni əhalisi də mümkün vasitələrlə məlumatlandırılmalıdır ki, bu əməliyyat sadəcə aviareydlərdir və heç bir atəş açılmayacaq. Yalnız yerdən açılan atəşə cavab veriləcək. Bu aviareydlər Dağlıq Qarabağda erməni əhalinin davranışını rəsmi Yerevan üçün bir nömrəli məsələyə çevirəcəkdir. Hərbçilərimizin daha çox belə variantlar işləyib hazırlamaq imkanı var “.
/Trend/