Ötən il Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin statistikası açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsində (AİHM) məhkəmənin illik fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib…

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsində (AİHM) məhkəmənin illik fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, AİHM sədri Din Spilmanın iştirakı ilə keçirilən brifinqdə məhkəmənin 2013-cü il üçün fəaliyyətini əks etdirən hesabatı açıqlanıb.

 

Hesabata əsasən 2013-cü ildə məhkəməyə 100 minə yaxın şikayət daxil olub, bu da 2012-ci ilə nisbətən 28 min daha azdır. Bu, məhkəmənin son dövrlər apardığı islahatların müsbət nəticəsi kimi qeyd olunur. Məhkəmənin rekord göstəricisi 2011-ci ildə baş verib, həmən il AİHM-ə 160 min şikayət ərizəsi daxil olub.

 

Ötən il 100 min şikayətdən 65 mini məhkəmə icraatına götürülüb. 2013-cü ildə ən çox şikayət Rusiya Federasiyasından daxil olub. Rusiyadan 16.800 şikayət gəlib. 14.400 şikayətlə İtaliya ikinci yerdə gəlir, Ukrayna 13.300 şikayətlə üçüncü yerdə durur. Türkiyə isə 10.950 şikayətlə Serbiyadan sonra beşinci yeri tutur.

 

Məhkəməyə gələn şikayətlərin çoxu Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsi ilə (ədalətli məhkəmə prosesi) əlaqədardır. 2013-cü ildə bu maddə ilə şikayətlər 30,05% təşkil edib. Konvensiyanın 3-cü maddəsi (işgəncələrin qadağan olunması) üzrə şikayətlər 18,45% təşkil edib. 2013-cü ildə Strasburq məhkəməsi müxtəlif şikayətlərlə bağlı 916 qərar çıxarıb.

 

2013-cü ildə Azərbaycandan 1293 şikayət daxil olub, onlardan 325-i məhkəmə icraatına götürülüb, 284-ü qəbuledilməz hesab olunaraq icraatdan çıxarılıb, 115 iş üzrə Azərbaycan hökumət ilə kommunikasiya aparılıb, 8 şikayət üzrə qərar çıxarılıb. Azərbaycana qarşı çıxarılan qərarlar əsasən Konvensiyanın 3-cü (4 şikayət) və 6-cı (5 şikayət) maddələri üzrə verilib. Ümumilikdə Azərbaycan 2001-ci ildə Avropa İnsan Haqları Konvensiyasına qoşulduqdan bəri ölkə üzrə 76 qərar çıxarılıb. Bu qərarların ən çoxu Konvensiyanın 6-cı, 3-cü, 1-ci Protokolun 1-ci (Mülkiyyət hüququ) və 3-cü (Azad seçkilər hüququ) maddələri üzrə çıxarılıb.

 

AİHM-in 2013-ci il üçün büdcəsi 67 milyon 650 min 400 avro təşkil edib.

/Apa/