“Biz belə qərara gəldik ki, bu hadisənin baş verdiyi tarixi kontekst kifayət qədər aydınlaşdırılmayıb və müxtəlif tarixi nöqteyi-nəzərdən onu mübahisə mövzusuna çevirmək mümkündür”…
“Biz belə qərara gəldik ki, bu hadisənin baş verdiyi tarixi kontekst kifayət qədər aydınlaşdırılmayıb və müxtəlif tarixi nöqteyi-nəzərdən onu mübahisə mövzusuna çevirmək mümkündür”
Paris. Viktoriya Dementyeva – APA. “Fransa Konstitusiya Şurası hesab edib ki, erməni soyqırımının inkarının kriminallaşdırılması haqda qanun tarixçilər arasındakı müzakirələri məhdudlaşdırdığı üçün ölkə Konstitusiyasına ziddir”. Bu sözləri APA-ya açıqlamasında Fransa Konstitusiya Şurasının üzvü Gi Kanive (Guy Canivet) deyib. O bildirib ki, Fransa tarixində bir neçə dəfə “memorial qanun” deyilən qanunlar qəbul olunub, bu qanunlar Fransada məskunlaşmış xalqların və icmaların yaşadığı hansısa travmatik olaylar haqda necə danışmaq və düşünmək lazım olduğunu müəyyənləşdirir: “Məsələn, yəhudi soyqırımı ilə bağlı belə bir qanun qəbul edilib. Bu qanun Konstitusiya Şurasının yoxlamasından keçməyib, çünki sənəddən şikayət verən olmayıb. Fransa parlamenti tərəfindən qəbul edilən və erməni soyqırımının yazılı şəkildə inkar edilməsinə qarşı yüngül cinayət məsuliyyəti nəzərdə tutan qanun Konstitusiyadakı ifadə azadlığı prinsipinə zidd olduğu üçün Konstitusiya Şurası tərəfindən rədd edilib. Biz düşündük ki, hansısa tarixi faktın azad ictimai müzakirəsi niyə qadağan olunsun? Bu, tarixçilər arasında debatları məhdudlaşdırır”.
G. Kanive yəhudi soyqırımı ilə uydurma “erməni soyqırımı” iddiası arasındakı fərqi də izah edib. Onun sözlərinə görə, yəhudi soyqırımı məhkəmə instansiyası tərəfindən tanınmış tarixi faktdır və Nürnberq məhkəməsinin qərarında öz əksini tapıb: “Biz müəyyən etdik ki, erməni soyqırımı heç vaxt məhkəmə qərarının predmeti olmayıb, hansısa daxili və beynəlxalq məhkəmə instansiyası tərəfindən araşdırılmayıb. Bu, o demək deyil ki, məhkəmə baxışı olmayıbsa, belə bir fakt baş verməyib. Lakin biz məsələni nəzərdən keçirib belə qərara gəldik ki, bu hadisənin baş verdiyi tarixi kontekst kifayət qədər aydınlaşdırılmayıb, yəni, müxtəlif tarixi nöqteyi-nəzərdən onu hələlik mübahisə mövzusuna çevirmək mümkündür. Hamı tərəfindən tanınan vahid, dəqiq, aydın bir qərar yoxdur. Ona görə də biz qərara gəldik ki, bu məsələ ilə bağlı tarixçiləri, o cümlədən soyqırım tezislərinə uyğun gəlməməsi mümkün olan tarixi axtarışları, sənədləşmələri, təhqiqatları və nəşrləri tam sərbəst buraxmaq daha yaxşıdır”.
Konstitusiya Şurasının üzvü qeyd edib ki, qanun vaxtilə cəmiyyətdə və parlamentdə gərgin debatlara səbəb olub: “Ona görə də biz qərara gəldik ki, bu məsələni qapatmaq olmaz, məsələ sona qədər aydınlaşdırılmayıb”.
Fransa parlamenti tərəfindən bu məsələnin təkrar müzakirəsi və bənzər qanunun qəbulunun mümkünlüyünə toxunan G. Kanive parlamentdə bu barədə yeni qətnamənin qəbulu ehtimalını istisna etməyib: “Konstitusiya Şurası öz qərarında parlament üçün açıq qapı buraxıb. Əgər parlament müzakirə nəticəsində qərara gəlsə ki, belə bir qanunu qəbul etmək lazımdır, ona heç kim mane olmur. Parlament təkcə qanunlar yox, qətnamələr də qəbul etmək hüququna malikdir. Lakin qətnamə normativ akt deyil, bəyanat kimi bir şeydir. Biz qeyd etdik ki, onlar belə bir qətnamə qəbul edə bilər, amma bu qətnamə ilə razılaşmayan insanlara bunu qanun norması kimi tətbiq etmək və kimisə cinayət məsuliyyətinə cəlb etmək olmaz”.
Xatırladaq ki, uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanunun müəllifi olan deputat Valerie Buaye (Valerie Boyer) bu barədə yeni bir qanun layihəsi hazırlayaraq parlamentə təqdim edəcəyini açıqlayıb.
/Apa/