Azərbaycan BMT strukturlarını son vaxtlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırıb…
Azərbaycan BMT strukturlarını son vaxtlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər təşkilatlar yanında Daimi Nümayəndəliyinin BMT strukturlarına göndərdiyi bəyanatda deyilir. Bəyanatda qeyd olunur ki, Azərbaycan erməni tərəfinin təxribat əməllərini qətiyyətlə pisləyir: “Bu kimi təxribat əməlləri tərəflər arasında etimadın yaradılmasını və uzunmüddətli münaqişənin həllini sarsıdır “.
Nümayəndəliyin yaydığı bəyanatda həmçinin bildirilir ki, Azərbaycanın bu münaqişənin həllinə dair mövqeyi açıqdır: “Bu, BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri və beynəlxalq hüquq normalarına əsaslanır. Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Bu, regionda sülh və sabitliyin bərqərar olması üçün ən qısa və ən səmərəli yoldur “.
Bəyanatda deyilir ki, cəbhə xəttində son vaxtlar vəziyyətin gərginləşməsinə görə məsuliyyət birbaşa olaraq Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistanın üzərinə düşür: “BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri, BMT-nin Nizamnaməsi, beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalını davam etdirməsi gərginliyin əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda sülhə nail olmaq yolunda əsas maneədir.
Qeyd edək ki, son günlər cəbhə xəttində ciddi gərginlik yaşanır. Erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması halları dəfələrlə artıb. Hətta ermənilərin kəşfiyyat-diversiya qrupları Azərbaycan ərazilərinə girərək əməliyyatlar aparmağa çalışıblar. Bu zaman onların çoxlu sayda itki verdikləri bildirilir. Eyni zamanda, atəşkəsin tez-tez pozulması nəticəsində Azərbaycan Ordusunun iki zabiti şəhid olub. Yanvarın 28-də isə ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd edərkən ələ keçirilib. /Trend/