Azərbaycan Milli Məclisində internet saytlarda terrora çağırış, bu xarakterli hədə və bəyanatlar məsələsində qanunvericilikdə yenilik edilməsinə baxılması gözlənilir…
Azərbaycan Milli Məclisində internet saytlarda terrora çağırış, bu xarakterli hədə və bəyanatlar məsələsində qanunvericilikdə yenilik edilməsinə baxılması gözlənilir.
APA-nın məlumatına görə, bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deputat Fuad Muradovun Suriya ilə bağlı internetdəki çağırışlardan narahatlığına cavab olaraq bildirib.
F.Muradov çıxışında bildirib ki, bu gün internet saytlarında nümunəvi gənclər təbliğ olunmalıdır, Suriyada döyüşənlər yox: “Azərbaycan mediası sərhədi qoruyan, erməni gülləsindən həlak olan gənclərin şücaətini təbliğ etməlidir. Bu il başlayandan ermənilərin təxribatı nəticəsində bir neçə zabitimiz həlak olub. Əsl şəhid gənclər məhz onlardır. Belə gənclərimizlə fəxr edib onları təbliğ etməliyik. Yoxsa gedib xarici ölkədə vuruşan gənclərin işini təbliğ etmək olmaz. Sosial şəbəkədə, saytların çoxunda onlardan danışılır ancaq”.
F.Muradov hesab edir ki, internetdə gəncləri təxribata çağıran, Suriyada döyüşə dəvət edən saytları qadağan etmək lazımdır: “Facebook-da yaradılan bir səhifə tərəfindən açıq təbliğat gedir və gənclər də orada qeydiyyatdan keçib Suriyaya dəvət olunurlar. Bu səhifələr qapadılmalıdır. Beynəlxalq təşkilatların Azərbaycanda internetin məhdudlaşdırılması barədə bəyanatlarından çəkinməyinə dəyməz. Bu, artıq terrorçuluğa çağırışdır və bununla bağlı ciddi addımlar atılmalı, cinayət işi açılmalı, həmin saytlar qapadılmalıdır”.
Spiker O.Əsədov buna cavab olaraq məsələyə baxılacağını bildirib: “Bu kimi təbliğatlara, əlbəttə, din pərdəsi vermək düzgün deyil. İslam dini çox mütərəqqidir. Əgər bu dində sələmə pul vermək haram qəbul edilirsə, muzdla döyüşənlərə necə düzgün baxıla bilər? Buna görə də bunun qarşısı alınmalıdır. Biz parlament olaraq internet bu təbliğatın qarşısının alınmasına baxacağıq”.
/Apa/