Azərbaycan Milli Məclisində bəzi din xadimlərinə, ruhanilərə, mollalara və dini məsələlərlə məşğul olan qurumlara iradlar tutulub…
Azərbaycan Milli Məclisində bəzi din xadimlərinə, ruhanilərə, mollalara və dini məsələlərlə məşğul olan qurumlara iradlar tutulub.
APA-nın məlumatına görə, müzakirələr zamanı deputat Gövhər Baxşəliyeva təklif edib ki, ümumiyyətlə, Azərbaycan qanunlarında din-dövlət münasibətlərinin tənzimlənməsinə yenidən baxılmalıdır.
O, təəssüflə qeyd edib ki, müxtəlif regionda vətəndaşlarımız İslam dinini istədikləri formada qavrayırlar: “Çox vaxt da həqiqətdən kənarda qalırlar ki, bu da fəsad törədir. Buna nəzarət eləmək lazımdır”. G.Baxşaliyeva mollaların və bəzi ruhanilərin savadsızlığından da şikayətlənib.
Spiker Oqtay Əsədov isə deputata cavab olaraq onunla razı olduğunu bildirib: “Bu kimi məsələlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir və edəcək. Ən əsası da odur ki, İslamın müqəddəs kitabı Qurani-Kərim əhalinin böyük qisminin bilmədiyi ərəb dilində təbliğ olunur. Quranda İslamın çox gözəl mahiyyəti müfəssəl açıqlanır, amma bizim ruhanilər, mollalar onu məscidlərdə, yas mərasimlərində ərəbcə təbliğ edirlər ki, bunu da heç kim başa düşmür və formal xarakter daşıyır. Məsələn, Bakının elə kəndləri var ki, orada Quran Azərbaycan dilində oxunur və insanlar bunu başa düşür. Bu da həmin yerlərdə yaxşı effekt verir. Bizim ruhanilər, din xadimləri və bu işə nəzarət edənlər İslamı vətəndaşlara başa düşdüyü dildə təbliğ etməlidir ki, ayrı-ayrı qüvvələr yaranan boşluqdan istifadə etməsin”.
/Apa/