Millət vəkili Azay Quliyev Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasındakı çıxışında iki mühüm məsələyə toxunub…
Millət vəkili Azay Quliyev Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasındakı çıxışında iki mühüm məsələyə toxunub.
Trend-in məlumatına görə, A.Quliyev yanvarın 31-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 17 Dekabr 2013-cü ildə Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişiklikləri parlamentin “Hüquq siyasəti və dövlət quruculuğu ” komitəsinin sədri Əli Hüseynlinin, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti İdarəsinin rəisi Rahim Rəhimovun, Avropa Komissiyasının Bakı Ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, eləcə də dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edildiyini bildirib.
A.Quliyev vurğulayıb ki, təşkil olunan üçtərəfli dialoq çox məhsuldar keçib və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirilib: “Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatlığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın “.
Millət vəkilinin sözlərinə görə, bu, bir daha onu göstərdi ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər: “Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə, ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər “.
“İctimai iştirakçılıq haqqında ” Qanunun tətbiq edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərman haqqında danışan millət vəkili bildirib ki, bu fərmanda çox mühüm məqamlar, o cümlədən qanunların və Prezident aktlarının “İctimai iştirakçılıq haqqında ” Qanuna uyğunlaşdırılması, İctimai İştirakçılıq haqqında Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən yeni qanun layihəsinin hazırlanması, Qanunun əsas mahiyyətini təşkil edən 1.0.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı “nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidentinin həyata keçirməsi kimi olduqca əhəmiyyətli müddəalar öz əksini tapıb: “Hesab edirəm ki, Prezidentin imzaladığı bu fərman Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm sənəddir. Şübhəsiz ki, bu cür sənədlər dövlət başçısının siyasi iradəsi və vətəndaşlarına olan yüksək etimadı və inamı hesabına mümkün olur. Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektoru adından belə bir demokratik qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə Azərbaycan Prezidentinə dərin təşəkkürümü bildirirəm “.
/Trend/