“Heydər Əliyev ” ordeninin təsvirində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə parlamentə daxil olmuş “Heydər Əliyev ” ordeninin təsis edilməsi haqqında ” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib…

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə parlamentə daxil olmuş “Heydər Əliyev ” ordeninin təsis edilməsi haqqında ” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib.

 

Trend-in məlumatına görə, qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Heydər Əliyev ” ordeninin təsis edilməsi haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Heydər Əliyev ” ordeninin təsviri “ndə edilmiş dəyişikliyə əsasən, “Heydər Əliyev ” ordeni ulduzdan, orden zəncirindən və nişandan əlavə, döş nişanından ibarət olacaq.

 

Onun fikrincə, bu yeniliyin tətbiqindən sonra ordenin daşınması daha rahat olacaq.

 

Qanun layihəsinə əsasən, ordenin təsvirindəki on dördüncü hissə ləğv edilir, əvəzində on beşinci – iyirmi üçüncü hissələr əlavə edilir:

 

“Heydər Əliyev ” ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir. Altlığın üzərində, guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir “.

 

Əlavəyə görə, döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.

 

Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi həkk olunur.

 

Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mmx 16 mm ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin mərkəzində qabarıq hərflərlə yazılmış “HEYDƏR ƏLİYEV ” sözlərindən yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir.

 

Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə “Heydər Əliyev ” ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6 mm x 6 mm ölçülü hissə bərkidilir.

 

Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.

 

Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir.

/Trend/