Azərbaycanın xarici işlər naziri cəbhə bölgəsində baş verən insidentlərə münasibət bildirib

Məmmədyarov: “Hər dəfə danışıqlarda bir qədər irəliləyiş olanda, belə hallar baş verir”…

Məmmədyarov: “Hər dəfə danışıqlarda bir qədər irəliləyiş olanda, belə hallar baş verir”

 “Böyük sülh sazişi üzərində işə nə qədər tez başlanılsa, bu, bir o qədər çox regiona xeyir verəcək”.

 APA-nın məlumatına görə, belə bir bəyanatla bu gün Bakıda keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

 Qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının Qarabağ nizamlanmasına təsiri barədə sualı cavablandıran XİN başçısı təmas xəttində ara-sıra atışmaların baş verdiyini təəssüflə qeyd edib. O bildirib ki, Azərbaycan əsgərləri Ermənistan tərəfindən açılan atəşə cavab verir.

 “Fikir verdinizsə, hər dəfə danışıqlarda bir qədər irəliləyiş olanda, belə hallar baş verir. Lakin biz hesab edirik ki, danışıqları davam etdirmək lazımdır” deyən nazir hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgədə olduğunu xatırladıb.

 “Əvvəllər də dediyim kimi, son görüşlərdə, o cümlədən Paris görüşü çərçivəsində biz konkret məsələləri müzakirə edirik. Bundan sonra onlar İrəvana göndəriləcək. Əgər İrəvanda bu məsələlərlə bağlı hər hansı nəticə əldə olunsa, o halda nazirlər və yaxud prezidentlər səviyyəsində yenə görüş keçirilə bilər”, – deyə E.Məmmədyarov vurğulayıb.

 Nazir qeyd edib ki, Azərbaycan bu il Qarabağ nizamlanmasında irəliləyiş əldə etmək üçün danışıqları davam etdirmək niyyətindədir.

/Apa/