Avropa Məhkəməsi ötən il Azərbaycan dövlətinin qəbul etdiyi cəmi 8 qərarda pozuntu müəyyən edib

Ramiz Rzayev: “2012-ci ilin rəqəmləri ilə müqayisədə ötən il daha az pozuntunun qeydə alınması bizi arxayınlaşdırmamalıdır”…

 

 

Ramiz Rzayev: “2012-ci ilin rəqəmləri ilə müqayisədə ötən il daha az pozuntunun qeydə alınması bizi arxayınlaşdırmamalıdır”

 

“Mütəmadi olaraq qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq. Ali məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etməkdir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev “Azərtac” Dövlət Agentliyinə eksklüziv müsahibəsində deyib.

 

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində təqribən 100 minə yaxın işin icraatda olduğunu bildirən R. Rzayev bu şikayətlərin yarısından çoxunun cəmi 4 ölkənin payına düşdüyü deyib: “Rusiya, İtaliya, Ukrayna və Serbiya. Əgər Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, onlar tərəfindən 119, 118, 83, 65 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən pozuntu aşkar olunub. Əhalisi Azərbaycan əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisədə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5 061, 1 209, 990, 726 şikayət daxil olduğu halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub”.

 

Ali Məhkəmənin sədri, bu işlərə baxılan zaman qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32, 25, 22 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusunun aşkar olunduğunu deyib.

 

Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilib: “Ümumiyyətlə, çıxarılmış 8 qərardan altısında Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunub. Qeyd etmək istərdim ki, bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra olunmamasından ibarət olub. 2012-ci ilin rəqəmləri ilə müqayisədə daha az pozuntu qeydə alınıb. Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərə çarpacaq dərəcədə yaxşılaşıb”.

 

Apa.az