Türkiyədə nurçulara məxsus, ingilis dilində nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov Türkiyədən deportasiya edilib…
Türkiyədə nurçulara məxsus, ingilis dilində nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov Türkiyədən deportasiya edilib.
APA-nın “odatv” saytına istinadən yaydığı xəbərə görə, deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib.
R. T. Ərdoğan şikayətində M. Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. Bunun əsasında Türkiyə Daxili İşlər Nazirliyi 5683 saylı “Əcnəbilərin Türkiyədə yaşaması və səyahət etməsi haqqında qanun”da yer alan “məmləkətdə qalması ümumi güvənliyə zidd sayılan əcnəbilər Daxili İşlər Nazirliyi tərəfindən müəyyən müddət ölkədən çıxmağa dəvət olunur. Bu müddətin sonunda Türkiyəni tərk etməyənlər deportasiya edilir” maddəsinə uyğun olaraq M. Zeynalovu ölkədən qovub.
“Todays Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş qərarı pisləyərək M. Zeynalovun 10 mart 2014-cü il tarixinə qədər Türkiyədə çalışma izni olduğunu söyləyib: “Bunlar həm despot, həm də yalançıdır. Türkiyəni dədələrinin malı zənn edənlər Mahir Zeynalova 4 ildir verdikləri mətbuat kartını bu il heç bir əsas olmadan vermədilər. Qəbilə dövlətində belə, müəyyən hüquq var. Belə məlum olur ki, bizi idarə edənlərdə bu da qalmayıb. Təəssüf, çox təəssüf…”
Bir müddət əvvəl hakim partiyanın sıralarından istefa verən millət vəkili, keçmiş futbol ulduzu, nurçu Hakan Şükür də öz “Twitter” səhifəsində fakta münasibət bildirib: “Siz mətbuat azadlığından danışırsınız?! TZ yazarı Mahir Zeynalovun deportasiyasına baxın…”
Xatırladaq ki, Türkiyədə bir müddətdir hökumət partiyası ilə Fətullah Gülənin icması (nurçular) arasında müharibə davam edir. Nurçu və onlara yaxın şəxslər dövlət strukturlarından uzaqlaşdırılır.
Apa.az