Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

Fevralın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2013-cü ildə “Prokurorluq haqqında ” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib…

Fevralın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2013-cü ildə “Prokurorluq haqqında ” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, 2013-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır. 2013-cü ildə ümum daxili məhsulun 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artması, 80 mini daimi olmaqla 110 min yeni iş yerlərinin yaradılması, ölkə iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulması, ölkənin valyuta ehtiyyatlarının 50 milyard dollara çatmaqla ümum daxili məhsulun 70 faizini təşkil edərək dünya miqyasında ən qabaqcıl göstəricilərdən biri olması xüsusi vurğulanıb.

Qeyd edilib ki, ötən ilin bir sıra mühüm tarixi hadisələri içərisində xalqımızın bu günü və gələcəyi üçün taleyüklü əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin – Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələri xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olub. 2013-cü ildə demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş Prezident seçkilərində xalqımız yekdilliklə cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçməklə ölkədə mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verib.

Bildirilib ki, 2013-cü ildə prokurorluq orqanlarının fəaliyyəti ilk növbədə qanunla müəyyən edilib, Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə, prokurorluğun müasir beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi prosesinin daha intensiv şəkildə davam etdirilməsinə, yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına yönəlib.

Hesabat dövründə prokurorluq orqanları digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə fəaliyyət göstərərək ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqlar bu istiqamətdə fəaliyyətin səmərəliliyinin daha da artırılaraq ən yüksək tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunmasına zəmin yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olub.

2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha uğurlu olub ki, bu da qanunla müəyyən edilmiş digər səlahiyyətlərlə yanaşı, idarəyə korrupsiya ilə bağlı olan cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək hüququnun verilməsi, idarənin yüksək təşkilati əsaslara və çevik struktura malik ixtisaslaşmış mühüm dövlət qurumu kimi formalaşması ilə əlaqədar olub. İdarənin “Qaynar xətt ” əlaqə mərkəzinin fəaliyyətinin düzgün qurulması müsbət nəticələr verib.

Dövlət başçısı cənab İlham Əliyevin ötən ilin yanvarında imzaladığı “İnformasiya kommunikasiya texnologiyaları ili ” elan edilməsi haqqında ” sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluq üzrə təsdiq edilmiş geniş Tədbirlər planının vaxtında icrası təmin olunmaqla prokurorluqda informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırılmasına nail olunmuş, “Elektron Sənəd Dövriyyəsi Proqramı “nın və “Elektron Cinayət ” İnformasiya Proqramının tətbiqi ilə əlaqədar zəruri tədbirlər görülüb.

Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə ədalətli və şəffaf kadr siyasətinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə, bu sahədə görülən sistemli iş və məqsədyönlü tədbirlər davam etdirilmiş, kadrların demokratik əsaslarla müsabiqə yolu ilə seçilməsi prosesinin ardıcıllığı, fəaliyyətlərində uğurlar əldə etmiş işçilərin həvəsləndirilməsi, ciddi nizam-intizam şəraitinin mövcudluğu üçün tələbkarlığın artırılması, müvafiq peşəkarlıq səviyyəsinə malik şəxslərin vəzifədə irəli çəkilməsi, işçilərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi, stajorluq və sınaq dövrünü keçən gənc mütəxəssislərin hərtərəfli hazırlıqlı prokurorluq işçiləri kimi yetişmələri üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması və ictimai həyatımızın müxtəlif istiqamətlərində onların fəal iştirakının stimullaşdırılması barədə Dövlət başçısı cənab İlham Əliyevin tövsiyələri və göstərişlərinə müvafiq olaraq 31 yanvar 2014-cü il tarixdə prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin birinci mərhələsi olan test imtahanı keçirilmiş və müvəffəqiyyət qazanmış 105 nəfər müsabiqənin növbəti yazılı imtahan mərhələsinə buraxılmışdır.

Xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 15 nəfər, o cümlədən 8 nəfər, ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifələsinə təyin edilmiş, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilmiş, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılmışdır. Təqdirəlayiq haldır ki, rəhbər vəzifələrə irəli çəkilən şəxslər içərisində müsabiqə yolu ilə qulluğa qəbul edilən gənc hüquqşünasların nisbi çəkisi artmışdır.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilmişdir. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında ” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, hesabat ilində Ağstafada – 199, Lənkəranda – 100, Qubada – 87, Şəkidə – 71, Ağsuda – 56, Ağcabədidə – 58 və Şirvanda – 41, cəmi 612 vətəndaş qəbul edilməklə müraciətlərinə baxılmışdır.

Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə prokurorluğun maddi-texniki təminatının gücləndirilməsi sahəsində də əhəmiyyətli işlər görülməklə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin milli memarlıq üslubunda müasir dövrün yüksək standartları səviyyəsində yeni inzibati binasının tikintisi yekunlaşdırılaraq istifadəyə verilməsi təmin edilmiş, Bakı şəhər prokurorluğunun inzibati binası əsaslı təmir edilmiş, Zaqatala hərbi, Bakı şəhərinin Yasamal və Sabunçu rayon prokurorluqlarının inzibati binalarının tikintisi başa çatdırılmışdır.

İclasda həmçinin, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə Dövlət başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir.

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması hər bir prokurorluq əməkdaşından tələb edilmişdir.

Görülmüş müsbət işlərlə yanaşı, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Kollegiya iclasında əminlik ifadə edilib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən və müdrik dövlət siyasətinə tam sadiq qalaraq, ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərində, digər əlaqədar dövlət orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini göstərəcəkdir.

 

Trend.az