Bu gün Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Əli Həsənov Azərbaycan-İspaniya münasibətlərinin inkişafından danışıb.
Bildirilib ki, İspaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan və İspaniya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Baş nazirin müavini Azərbaycanın İspaniya ilə ikitərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulamış, parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov diqqətə çatdırıb ki, dünyanın heç bir ölkəsində son on il ərzində iqtisadi göstəricilər ölkəmizdəki qədər olmayıb. Əldə olunmuş uğurlar yalnız enerji sektorunu əhatə etmir. Azərbaycanda qeyri-neft sahəsi də sürətlə inkişaf edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün dünyanın maraq dairəsində olan ölkələrdəndir. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Komitə sədri vurğulayıb ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olmuşdur. Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli Həsənov deyib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıb.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən başlıca problemi olduğunu deyən Əli Həsənov qeyd edib ki, münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən problemin tezliklə sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin qeyd-şərtsiz və dərhal boşaldılması, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Ancaq ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır ki, davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermir.
Qeyd edilib ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. İndiyədək 180 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləyib. O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulayıb, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini söyləyib. 2012-ci ilin noyabrında Azərbaycandan bir qrup nümayəndə heyətinin İspaniyaya səfər etdiyini xatırladan qonaq vurğulayıb ki, həmin səfər çərçivəsində keçirilmiş görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, ispan dilində hazırlanmış Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən buklet və disklər təqdim edilib.
Sia.az