Müdafiə Naziri cəbhə bölgəsində

Zakir Həsənov döyüşlərdə iştirak etmiş Əlibəyli kənd sakinlərindən birinə öz saatını bağışlayıb…

Zakir Həsənov döyüşlərdə iştirak etmiş Əlibəyli kənd sakinlərindən birinə öz saatını bağışlayıb.

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 7-də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

 

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.

 

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olub, sakinlərlə görüşərək, onların qayğıları və problemləri ilə maraqlanıb. Kənd sakinləri öz vəziyyətləri barədə danışaraq, kəndlərin müdafiəsində iştirak və könüllü olaraq döyüşlərə qatılmaq üçün müdafiə nazirinə müraciət ediblər. Nazir Z. Həsənov döyüşlərdə iştirak etmiş Əlibəyli kənd sakinlərindən birinə xatirə olaraq öz saatını bağışlayıb.

 

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim edilib.

 

General-polkovnik Zakir Həsənov cəbhə bölgəsindəki zirehli texnikanın döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub. Nazir müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

/oxu.az/