2014-cü ilin may-noyabr aylarında ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunun növbəti iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur…
2014-cü ilin may-noyabr aylarında ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunun növbəti iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ilə çıxış edərkən bildirib.
Nazir müavininin fikrincə, belə mötəbər tədbirin təşkil edilməsi yerli demokratiyanın, bələdiyyə institutunun daha da inkişafına müsbət təsir göstərəcək, həmçinin tədbirə qatılacaq çoxsaylı xarici qonaqların ölkəmizdə aparılan islahatlarla, eləcə də yerli özünüidarəetmə sahəsində görülmüş işlərlə yaxından tanış olmalarına imkan verəcək.
O, bələdiyyələrin işinin daha səmərəli təşkil olunması məqsədi ilə təkliflə çıxış edib: “Konqresin 326 (2012) saylı tövsiyəsinə uyğun olaraq, iqtisadi və sosial layihələrin həyata keçirilməsi məqsədi ilə subvensiyaların ayrılması ilə bağlı mexanizmin “Büdcə sistemi haqqında ” Azərbaycan Respublikasının Qanununda təsbit edilməsini və bələdiyyələlər tərəfindən verilən təkliflərin növbəti illər üçün dövlət büdcəsinin layihələri hazırlanarkən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edirik “.
Trend.az