Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında qanunvericilik layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə bölmə yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar sayta daxil olmaqla “Qanunvericilik ” bölməsinin “Qanunvericilik layihələri ” alt bölməsində yeni layihələrlə tanış ola, eyni zamanda, rəy və təkliflərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Sayta ilk olaraq nazirlik tərəfindən hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramının (2014-2018-ci illər) ” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında ” Azərbaycan Respublikası Qanununun layihələri yerləşdirilib. Həmin layihələrlə bağlı rəy və təkliflər 2014-cü il 3 mart tarixədək qeyd olunan e-ünvanda qəbul olunacaq.

“Normativ hüquqi aktlar haqqında ” Azərbaycan Respublikası Qanununa ( “normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi “) əsasən həyata keçirilən tədbir normayaratma fəaliyyətində aşkarlığın təmin olunmasına xidmət edir.

 

Trend.az