Yeni binalara qaz verilməməsi məsələsi Milli Məclisdə qaldırılıb

“Sakinlər öncə ev aldıqları tikinti şirkətlərindən hesabat istəsinlər”…

“Sakinlər öncə ev aldıqları tikinti şirkətlərindən hesabat istəsinlər”.

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva yeni tikilən binalara qaz verilməməsi məsələsini qaldırıb.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Q.Paşayeva təbii qazla təmin edilməyən binaların sakinlərinin parlamentə müraciətlərinin gündən-günə artdığını deyib.

 

O, yaranmış vəziyyətin vətəndaşları ciddi narahat etdiyini vurğulayıb, problemin həllinin vacibliyini vurğulayıb.

 

Spiker Oqtay Əsədov da mövcud problemlə maraqlandığını deyib:

 

“Həmin binaların 70 faizində tüstü-baca sistemi yoxdur. İkincisi, qaz verilməsi üçün binanın 70 faizinə əhali köçməlidir. Deyirlər ki, binaların yarısı boşdur. Binaları tikənlər orada yaşayanların qarşısında məsuliyyət daşıyırlar. Qazı verdilər, sabah da partladı. Buna görə kim məsuliyyət daşıyacaq? Tüstü-baca sistemi yoxdur. Bu, ciddi problemdir”.

 

Millət vəkili, SOCAR-ın prezidenti Rövnəq Abdullayev də məsələyə münasibət bildirib.

 

Yeni tikilən binalara qaz verilməməsinin səbəblərini açıqlayan R.Abdullayev qeyd edib ki, tikinti şirkətləri evləri satır, vətəndaşlar su və işıq veriləndən sonra ora köçürlər:

 

“Amma belə binalara qazın verilməsi mümkün deyil. “Azəriqaz” istehsalat Birliyi elan edir ki, hansı bina Fövqəladə Hallar Nazirliyinin lisenziyasını alır, təhvil aktına qol çəkilirsə, o bina bir həftə ərzində qazlaşdırılır”.

 

O bildirib ki, təhlükəsizlik qaydalarına əməl olunmayan binalara qaz verilməyəcək:

 

“Ona görə, sakinlər öncə ev aldıqları tikinti şirkətlərindən hesabat istəsinlər”.

 

/oxu.az/