Azay Quliyev ermənilərin təxribatını puça çıxarıb

Azay Quliyev ATƏT PA-nın iclasında Ermənistan nümayəndə heyətinin təxribatını puça çıxarıb…

Azay Quliyev ATƏT PA-nın iclasında Ermənistan nümayəndə heyətinin təxribatını puça çıxarıb.

Trend-in məlumatına görə, Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyasının ikinci günü də ciddi müzakirələrlə keçib.

Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev daimi komitənin iclasında çıxış edərək bildirib ki, ATƏT-in müəyyən etdiyi səkkiz prioritet sahələrdən bir neçəsi – ATƏT məkanında münaqişələrin həlli, ATƏT institutlarının səmərəliliyinin artırılması, qəbul olunmuş sənədlərin icra mexanizminin təkmilləşdirilməsi və ATƏT-in digər beynəlxalq təşkilatlar ilə əməkdaşlığının gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir və onların yaxın illərdə Assambleyanın gündəliyinə salınması təklif olunub.

Assambleyanın yay sessiyasının Bakıda keçirilməsi ilə bağlı məsələ müzakirə olunan zaman Azərbaycan nümayəndələri ölkəmizin bu tədbirə tam hazır olduğunu, lazımi şəraitin yaradıldığı, sessiya iştirakçılarına tədbirlə bağlı bütün müvafiq məlumat və materialların təqdim edildiyi diqqətə çatdırılıb.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qiqanyan daimi komitənin iclasında adəti üzrə Azərbaycana qarşı böhtan dolu çıxışlar silsiləsindən növbətisini edib.

O, belə bir tədbirin Bakıda keçirilməsinin qeyri-düzgün qərar olduğunu, erməni deputatların Bakıya səfər etməkdən çəkindiklərini söyləyıb.

A.Quliyev erməni deputata cavab olaraq bildirib ki, A.Qiqanyan Azərbaycanla bağlı qarayaxma kampaniyası aparır.

A.Quliyev qeyd edib ki, A.Qiqanyan son illərdə Azərbaycan və Türkiyə ilə bağlı yalnız yalanlar söyləməklə özünün təbliğatını qurmağa çalışır: “Azərbaycana səfər edənlər ölkənin kifayət qədər tolerant olduğunu bilirlər. Hətta erməni əsilli vətəndaşlar da Azərbaycanda təhlükəsiz şəraitdə yaşayırlar. 2012-ci ildə Avronest Parlament Assambleyasının illik sessiyası Bakıda keçirilib və həmin tədbirdə Ermənistandan səkkiz deputat iştirak edib. Azərbaycan həmin deputatların təhlükəsizliyi üçün tam təminat verib və onların Azərbaycandan gedərkən heç bir narazılıqları olmayıb. Azərbaycan bu dəfə də erməni deputatların təhlükəsizliyinə tam təminat verir və onların araqarışdıran çıxışlarına baxmayaraq, yay sessiyasında Bakıda bütün iştirakçılar üçün yüksək səviyyədə şərait yaradılacaqdır “.

Sonra ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Azərbaycan nümayəndə heyətinin tədbirə hazırlığını yüksək qiymətləndirdiyini, yay sessiyasının Bakıda uğurla keçiriləcəyinə əmin olduğunu söyləyib.

Digər çıxışçılar da Azərbaycanın mövqeyini dəstəkləyib, Bakıdakı illik yay sessiyasında iştirak edəcəklərini bildirblər.

Sonra “Ukraynada cari vəziyyət “, “Ekstremizm, radikalizm və ksenofobiyanın güclənməsi: ATƏT məkanı üçün təhdidlər ” mövzularında xüsusi müzakirələr keçirilib və qış sessiyasının işinə yekun vurulub.

 

 

/Trend/