Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Bir sıra dövlətlər Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün iş aparır”

Elnur Aslanov: “Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”…

Elnur Aslanov: “Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”

 

Bakı. Şamil Əlibəyli – APA. “Türkiyə tərəfi istər baş nazir, istər dövlət başçısı, istərsə də xarici işlər naziri səviyyəsində dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasına Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

 

E. Aslanov bildirib ki, Azərbaycan tərəfi bu vədlərə inanır və düşünür ki, bu xətt Türkiyə xarici siyasətinin strateji istiqaməti olaraq davam etdiriləcək: “Biz buna əminik. Çox təəssüf ki, bir sıra dövlətlər tərəfindən bu proses maliyyələşdirilir, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində müəyyən işlər aparılır və aparılmaqdadır. Amma yenə də məsələnin kökünə qayıtsaq, sərhədlərin bağlanma səbəblərini araşdırmağa başlasaq, görərik ki, sərhədlər yalnız və yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər. Bölgədə sülh, əmin-amanlıq, sabitlik Ermənistanın pozucu siyasətindən əl çəkməsindən sonra bərqərar ola bilər. Bu gün çox təəssüf ki, Ermənistan öz qeyri-konstruktiv və irrasional siyasəti ilə bölgədə pozucu amilə çevrilib. Ermənistanın bu siyasəti onun həm iqtisadi blokadada, həm siyasi müstəvidə oyundankənar bir vəziyyətdə qalmasına səbəb olur”.

/Apa/