Elnur Aslanov: Ermənistanın qeyri-konstruktiv siyasəti regionda dostluğun bərqərar olmasına maneədir

“Nə qədər ki, Ermənistan çirkin siyasətindən əl çəkməyib, Azərbaycan bu ölkəni blokada şəraitində saxlamaqda davam edəcək “…

“Nə qədər ki, Ermənistan çirkin siyasətindən əl çəkməyib, Azərbaycan bu ölkəni blokada şəraitində saxlamaqda davam edəcək “. Trend xəbər verir ki, bunu Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi ” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstan son 10 il ərzində böyük inkişaf yolu qət edib, təkcə öz xalqlarının deyil, digər xalqların da rifahı üçün həyata keçirdiyi təşəbbüs və layihələrlə dünya ictimaiyyətinin diqqətini cəlb edib.

E.Aslanov qeyd edib ki, hər üç ölkə böyük geosiyasi layihələr həyata keçirirlər. Bu gün yeni layihələrin həyata keçirilməsi müzakirə olunur.

PA rəsmisinin fikrincə, bu gün bu üç ölkə Avropanın yeni enerji və nəqliyyat xəritəsini cızırlar: “Bu əməkdaşlıq bir çox dövlətlərə nümunə ola bilər. Təssüf ki, bu əməkdaşlığa mənfi təsir edən ölkə də var. Bu ölkə Ermənistandır. Nə qədər ki, Ermənistan öz qeyri-konstruktiv, emosional siyasətindən əl çəkməyəcək, regionda dostluğun, qardaşlığın bərqərar olmasına mənaələr olacaq. Biz istəyirik, Ermənistan öz çirkin siyasətindən əl çəksin. Nə qədər ki, Ermənistan bu siyasətindən əl çəkməyib, Azərbaycan Ermənistanı blokada şəraitində saxlamaqda davam edəcək “.

E.Aslanovun sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşməlidir ki, xarabalıqda yaşayan, siyasi cəhətdən kənarda qalmış, reqressiv ölkə erməni xalqına gələcəkdə uğurlar gətirməyəcək: “Azərbaycan Türkiyə və Gürcüstanla yeni enerji və nəqliyyat xəritələri cızmaqda, onların reallıqlarının dünyaya çatdırılmasında hər zaman birlikdə öz fəaliyyət və əməkdaşlıqlarını həyata keçirəcəklər. Bu gün Bakıda keçirilən konfrans gələcək inkişaf üçün zəmin yaradacaq. Biz çox istərdik ki, Ermənistan da bu proseslərə qoşulsun. Zaman gələcək biz bu konfransları Ermənistanın xarabalığa çevirdiyi Xocalıda, bölgənin incisi olan Şuşada, Xankəndidə keçirəcəyik “.

PA rəsmisi bəzi qüvvələrin Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına çalışmasından narahatlığını da ifadə edib: “Təəssüf ki, bir çox Qərb fondları və təşkilatları Ermənistanla Türkiyənin sərhədlərinin açılmasına səy göstərirlər. Qarabağ problemi həll olunmayanadək Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından söhbət gedə bilməz “.

Trend-in məlumatına görə, E.Aslanov jurnalistlərə deyib ki, Türkiyə tərəfi istər baş nazir, istər dövlət başçısı, istərsə də xarici işlər naziri səviyyəsində dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandn sonra açıla bilər.

Onun sözlərinə görə, Azərbaycan bu vədlərə inanır və düşünür ki, bu xətt Türkiyə xarici siyasətinin strateji istiqaməti olaraq davam etdiriləcək: “Biz buna əminik. Çox təəsüflər olsun ki, bir sıra dövlətlər tərəfindən bu prosesin maliyyələşdirilməsi, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində müəyyən işlər aparılır və aparılmaqdadır. Bəzi fondlar buna maliyyə ayırır, Avropada yerləşən bir sıra qurumlar bu istiqamətdə öz səylərini əsirgəmirlər və bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Amma yenə də məsələnin kökünə qayıtsaq, sərhədlərin bağlanma səbəblərini araşdırmağa başlasaq, təbii ki, sərhədlər yalnız və yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər. Bölgədə sülh, əmin-amanlıq, sabitlik Ermənistanın pozucu siyasətindən əl çəkməsindən sonra bərqərar ola bilər. Bu gün çox təəssüf olsun ki, Ermənistan öz qeyri-konstruktiv və irrasional siyasəti ilə bölgədə pozucu amilə çevrilib. Ermənistanın bu siyasəti onun həm iqtisadi blokada, həm siyasi müstəvidə oyundankənar vəziyyətdə qalmasına səbəb olur “.

/Trend/