İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilərin ( “altılıq “) nümayəndələri ilə görüşmək üçün bu gecə Avstriyanın paytaxtı Vyanaya səfər edəcək…
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilərin ( “altılıq “) nümayəndələri ilə görüşmək üçün bu gecə Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Trend-in ISNA-ya istinadən verdiyi məlumata görə, nazir Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və “altılıq ” nümayəndələri ilə Cenevrədə əldə olunmuş birgə fəaliyyət planının icrası üçün atılacaq son addımları müzakirə edəcək.
M.C.Zərif ötən gün İran Dövlət Televiziyasına müsahibəsində fevralın 17-də Vyanada keçiriləcək müzakirələri çətin adlandırmışdı.
Qeyd edək ki, “altılığ “a ( “P5+1 ” qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Eşton danışıqlarda “3+3 ” qrupunun əlaqələndiricisidir.
Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb.
/Trend/