İnşaat işləri 2012-ci il fevralın 26-da başlayıb…
İnşaat işləri 2012-ci il fevralın 26-da başlayıb.
Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı qurbanlarının xatirəsi üçün ucaldılan Xocalı Soyqırımı Xatirə Parkının açılış tarixi bəlli olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Kızılcahamam Bələdiyyəsi və Azərbaycanın Ankardakı Səfirliyinin dəstəyi ilə inşa edilən Xatirə Parkı 26 fevral, Xocalı Soyqırımının 22-ci ildönümü günü istifadəyə veriləcək.
Qeyd edək ki, Xocalı Soyqırımı Xatirə Parkının tikintisi işlərinə Kızılcahamam Bələdiyyəsi tərəfindən 26 fevral 2012-ci ildə başlanılıb. Xatirə Parkı Akçay məhəlləsində inşa edilir.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.
Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
/Oxu.az/