Səfirlik Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Latviyanın dərs vəsaitindəki səhvin düzəldilməsi üzərində işləyir

Azərbaycanın Latviyadakı səfirliyi Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Latviyanın “New World Geography ” (Yeni dünya coğrafiyası) adlı dərs vəsaitində buraxılan səhvin düzəldilməsi üzərində işləyir…

Azərbaycanın Latviyadakı səfirliyi Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Latviyanın “New World Geography ” (Yeni dünya coğrafiyası) adlı dərs vəsaitində buraxılan səhvin düzəldilməsi üzərində işləyir. Bu barədə Trend-ə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov erməni mətbuatında Azərbaycanın Dağlıq Qarabağ regionunun Latviyanın “New World Geography ” adlı dərs vəsaitində müstəqil dövlət kimi göstərilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən qeyd edib.

Səfir bildirib: “Sözügedən dərs vəsaitində Qarabağ Azərbaycanın tərkibində göstərilir. Burada bizi narahat edən məsələ həmin məlumatda separatçıların bayrağının göstərilməsidir “.

E.Zeynalov deyib ki, bu, bizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən həmin nəşrdə çap edilib: “Təbii ki, biz bu məsələ ilə hal-hazırda çox ciddi məşğuluq. Həmin nəşriyyatda həmçinin Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilər haqqında da yazılıb. Aydın məsələdir ki, bu, bir xətdir və biz bilirik ki, bunu kimlər edir. Biz bu məsələni çox ciddi qəbul elədik. Çünki orada bir bayraq çap olunub. O bayraq heç bir ölkə tərəfindən qəbul olunmur “.

Səfirin sözlərinə görə, məsələ ilə bağlı GUAM tərəfindən də tədbir görülməsi üzərində iş gedir: “Bu məsələ ilə bağlı Gürcüstan, Moldova və Ukrayna səfirləri ilə də söhbət aparmışıq “.

/Trend/