“Qarabağ problemi həm region, həm də digər dünya ölkələrinin təhlükəsizliyi üçün təhdiddir”…
“Qarabağ problemi həm region, həm də digər dünya ölkələrinin təhlükəsizliyi üçün təhdiddir”.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov İranın paytaxtı Tehran şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 9-cu sessiyasında çıxışı zamanı bildirib.
O. Əsədov deyib ki, Azərbaycan hökuməti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İƏT Parlament İttifaqının inkişafına böyük əhəmiyyət verir: “Əgər dövlət və ya cəmiyyət mənəvi eybəcərliyə müqavimət göstərə bilmirsə, davamlı sabitlik mümkün deyil. Müasir dövrdə çoxsaylı problemləri təkbaşına həll etmək iqtidarında olmadığımızın şahidiyik. Ona görə də bütün müsəlman ölkələrinin birgə hərəkət etməsi lazımdır”.
MM sədri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də danışıb: “İslam Əməkdaşlıq Təşkilatı 2008-ci ildə Azərbaycanın mövqeyinin dəstəklənməsində təsirli rol oynayıb. BMT məhz İslam ölkələrinin dəstəyi ilə Azərbaycanda münaqişəli vəziyyətin həllinə dair qətnamə qəbul edib”.
O. Əsədov əlavə edib ki, Azərbaycan Fələstin və Suriya məsələsində də güclü mövqeyə malikdir: “Mən diplomatiyanın daha böyük rol oynamasının lazım olduğuna inanıram. Parlament İttifaqına üzv ölkələr arasında parlament diplomatiyası da bu sahədə misilsizdir. Fələstin və Suriya məsələsi də bu şəkildə həll edilə bilər”.
Sonda O. Əsədov Azərbaycan dövlətinin mövqeyini dəstəklədiyinə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkür edib.
/Apa/