Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda

Gün ərzində 108000 insan Xocalı həqiqətləri ilə tanış olur…

Gün ərzində 108000 insan Xocalı həqiqətləri ilə tanış olur.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyasına start verilib.

 

Artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur.

 

Tayms Meydanı Nyu-Yorkun Manhetten şəhərində yerləşən, “dünyanın yolayrıcı” adlandırılan və gün ərzində təxminən 108000 insanın axışdığı bir məkandır.

 

Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyir. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar edir.

 

Azərbaycan Amerika Alyansının keçirdiyi kampaniya Nyu-York metro stansiyalarında posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə davam edəcək.

/Oxu.az/