“Bu, din deyil axı”…
“Bu, din deyil axı”.
Azərbaycanın Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva Modern.az saytının “Pəncərə” layihəsinin qonağı olub.
Oxu.Az xəbər verir ki, deputat müsahibəsində İnsan Hüquqları İnstitutunun fəaliyyəti, parlamentdə qəbul edilən qanunlardan danışıb, eyni zamanda son dövrlər cəmiyyətimizdə aktual olan məsələ – azərbaycanlıların Suriyaya döyüşməyə getməsi barədə danışıb.
Deputatın bildirdiyinə görə, bu hal çox böyük bir bəladır.
“Din hər bir insanın mənəviyyatıdır. Təəssüf ki, bizdə dini insanların beyninə hipnoz vasitəsilə yeridirlər və insanlar 180 dərəcə dəyişir. Bir dəfə yanıma bir ailə gəlmişdi. Qadın deyirdi ki, oğlunun ailəsi dağılır. Səbəb isə gəlininin hansısa sektanın üzvü olması idi. “Yeqovo şahidləri”nin ofisi Gürcüstandadır. Dini kitabları çantalarda Gürcüstandan gətirirdilər. Çantaları heç kim yoxlamadığından, o kitablar azərbaycanlı ailələrə pulsuz paylanılır. Bu yolla insanları ələ alırlar.
Vəhhabilər bu gün cəmiyyətimizdə çox böyük problem yaradır.
Əslində, bu normal dini cərəyandır. Müasir vəhhabilik aqressiv, destruktiv təriqət rolunda çıxış edir.
Artıq vəhhabi deyəndə qatı terrorçu gözümüzün önünə gəlir. Zombiləşmiş insanlar, yəni qısa şalvarlı, uzun saqqallı, üzü bağlı qadınlar çoxaldıqca cəmiyyət daha böyük bəlalarla üz-üzə qalacaq. Bu tipli insanlar hər kəsdən üz çevirir. Bu, din deyil axı. Mənəviyyatını qoru, namazını qıl, borcunu yerinə yetir. Bu, səninlə Allah arasında olan münasibətdir. Təəssüflər olsun ki, dinin bu cür yayılması bizə şimaldan gəlir. Onların himayədarları isə Ərəbistandadır. Bunlardan qorunmaq üçün bizim təhlükəsizliyimiz güclü olmalıdır. Respublikanın yarısı bu cür insan olandan sonra tədbir görmək gecdir. Öncədən tədbirlər görülməlidir. Mən sizinlə danışmaqla məsələni həll edə bilmərəm. Konfransları keçirərkən çalışıram ki, məmurları, alimləri ayıldım. Bu barədə təkbaşına heç nə edə bilmərəm. Cəmiyyət bütövlükdə ayağa qalxmalıdır.
Azərbaycan həmişə sivil ölkə olub. Bizdə dinə qarşı ziddiyyət də olub. Bir tərəfdən deyirik ki, biz müsəlmanıq, İslam dəyərlərinə sadiqiq. Digər tərəfdən də İslama zidd olan pirlərə gedirik. Pirlərə getmək isə müqəddəs “Quran”a, islamçılığa ziddir. Genetik yaddaş var, o artıq içimizə hopub. Onu deyə bilərəm ki, bizim dini təhsilimizdə, mənəviyyatımızda, maarifləndirmədə boşluq var”.
/oxu.az/