QDİƏT və Beynəlxalq Sahibkarlar Konqresi Bakıda əməkdaşlıq sazişi imzalayıblar

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Biznes Şurası və Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi cümə axşamı Bakıda əməkdaşlıq haqqında saziş imzalayıblar…

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Biznes Şurası və Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi cümə axşamı Bakıda əməkdaşlıq haqqında saziş imzalayıblar. Saziş Bakıda Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli beynəlxalq forum zamanı imzalanıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycan ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığının azaldılması üzrə mühüm işlər yerinə yetirir. Nəticədə aqrar sektor dinamik inkişaf edir.

Onun sözlərinə görə, regionlarda artan aqrar müəssisələrin məhsulları təkcə daxili bazarlarda satılmır, həm də xarici ölkələrə ixrac olunur.

M.Musayev qeyd edib ki, aqrar-sənaye kompleksinin inkişafı Azərbaycanda “Sənaye ili ” elan edilən 2014-cü ildə prioritet istiqamətlərdən biri olacaq.

Forumun gedişində FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Mərkəzi Asiya ölkələri üzrə subregional direktoru Mustafa Sinaserin qeyd etdiyi kimi, Azərbaycan kənd təsərrüfatı sahəsində böyük işlər həyata keçirir: “Hazırda FAO və ölkənin Kənd Təsərrüfatı Nazirliyi aqrar marketinq və biznes sahəsində ayrıca strukturun yaradılması üzərində çalışır “.

Onun sözlərinə görə, tərəflər həmin strukturun yaradılması haqqında danışıqlar aparırlar və FAO onun işinə hər cür dəstək göstərir.

/Trend/