Bu gün üç milli qəhrəmanımızın doğum günüdür

Həsənov əsir düşməmək üçün qumbara ilə özünü partladıb…

Həsənov əsir düşməmək üçün qumbara ilə özünü partladıb.

 

Azərbaycanın Milli qəhrəmanları Tahir Həsənovun, Faiq Rəfiyevin və Rövşən Hüseynovun doğum günüdür.

 

Oxu.Az xəbər verir ki, Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulub. O, kəşfiyyat qrupuna rəhbərlik edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak edib, qəhrəmanlıqla vuruşub, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər mübarizə aparıb, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladıb və bir neçə düşməni məhv edib (Şəkildə – ortadakı).

 

Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində dünyay göz açıb. O, Daxili İşlər Nazirliyinin zabiti kimi Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində fəal iştirak edib, Koçbəy kəndini ermənilərdən azad edərkən qəhrəmanlıqla vuruşub və 1992-ci il yanvarın 10-da həlak olub (sağdakı).

 

Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il fevralın 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulub. Onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin tələbələri dəstə düzəldib və cəbhəyə yola düşüblər. Rövşənin komandiri olduğu tələbə tağımı Goranboy rayonu ərazisində Holandağ yüksəkliyi, Ergəc, Mənəşli, Buzluq döyüşlərində qəhrəmanlıq göstərib. O, 1992-ci il mayın 11-də Marquşevan uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub (soldakı).

/Trend/