Ziyafət Əsgərov: Xocalı soyqırımını törətmiş qatillər cəzalandırılmalıdırlar

Ədaləti bərpa etmək üçün Xocalıda genosidə məruz qalmış insanların qisası mütləq alınmalıdır…

Ədaləti bərpa etmək üçün Xocalıda genosidə məruz qalmış insanların qisası mütləq alınmalıdır. Biz qisası sadəcə qisas xatirinə deyil, ədaləti bərpa etmək üçün almaq istəyirik. Çünki bu insanların qanı yerdə qalmamalıdır. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib.

 

Onun sözlərinə görə, qisas dedikdə soyqırımı törətmiş qatillərin cəzalandırılması nəzərdə tutulur. Çünki 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalmasından artıq 22 il keçməsinə baxmayaraq, bu faciəni törədənlər hələ də öz cəzasına çatmayıblar: “Qisas dedikdə söhbət ədalətin bərpa olunması üçün soyqırımı törətmiş şəxslərin beynəlxalq hüquqi cəzasını almasından gedir. Ermənistanın dövlət başçısı gedib Avropa Şurasında deyir ki, Xocalı soyqırımını biz törətmişik. Lakin buna heç bir reaksiya yoxdur. O şəxs cəzasını alanda biz də qisasımızı almış olacağıq. Qisas bu mənadadır. Bizim kimisə gedib qırmaq, öldürmək fikrimiz yoxdur. Biz sadəcə genosidə məruz qalmış soydaşlarımızın qatillərinin cəzalandırılmasını istəyirik “.

 

Vitse-spikerin fikrincə, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım deyil, bəşəri bir cinayətdir: “Bu soyqırım 1948-ci il dekabrın 9-da qəbul olunmuş genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması ilə bağlı konvensiyaya tamamilə uyğun gəlir. Konvensiyada göstərilir ki, soyqırım müəyyən etnik qrupa mənsub insanların qırılmasıdır. Xocalıda da insanları məhz azərbaycanlı olduğuna görə qırdılar “.

 

Bundan əlavə, Z.Əsgərov qeyd edib ki, BMT TŞ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələr, həmçinin Avropa Birliyinin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının qərarları var. Getdikcə ayrı-ayrı dövlətlər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədilməsi ilə bağlı qətnamələr qəbul edirlər: “Hesab edirəm ki, bu proses gedəcək. Çünki Azərbaycan bu məsələdə informasiya blokadasını yarıb, bütün dünya da artıq başa düşür ki, həqiqətən də belə bir faciə, soyqırım baş verib və bu genosidə qiymət vermək lazımdır, onu qəbul etmək lazımdır. Bundan sonrakı mərhələdə isə beynəlxalq məhkəmədə cinayətkarların cəzalandırılması məsələsini qoymalıyıq və mütləq qoyacağıq “.

/Trend/