“Qışda soyuqdan yayda da böcək və gəmiricilərin əlindən otaqda yaşamaq mümkün deyil”.
Əslən Kəlbəcər rayonundan məcburi köçkün düşən Mirzəyevlər ailəsi yaşadıqları binanın vəziyyətindən şikayətçidirlər.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Xəqani Mirzəyevin sözlərinə görə, Kəlbəcərdən köçkün düşdükdən sonra bir müddət Respublikanın müxtəlif rayonlarında məskunlaşıb.
Sonuncu dəfə 2007-ci ildə Goranboyun Qaraçinar kəndində müvəqqəti yaşadığı yerdən çıxarılaraq bu rayonun Qazanbulaq qəsəbəsində qəzalı vəziyyətdə olan keçmiş xəstəxana binasının otaqlarından birinə yerləşdirilib.
Şikayətçi Xəqani Mirzəyev:
“Kəlbəcər rayon icra hakimiyyətinə müraciət edəndə onun işçiləri, hətta özünün rəis müavini kimi təqdim edən şəxs bizi gətirdi, yığdılar bura ki, öz yanlarından sizə ev verəcəyik. Prezidentin sərəncamıyla qaçqınlara verilən evlərdən. Artıq ondan 7 il ötür”.
Hazırda 4 nəfərlik ailə binanın 10 kvadratmetrlik otaqlarından birində məskunlaşıb. Otağın tavanında iri çatlar var. Pəncərələr şüşə əvəzinə kartonla bağlanıb. Evin xanımı Hüsniyyə Abbasovanın sözlərinə görə qışda soyuqdan yayda da böcək və gəmiricilərin əlindən otaqda yaşamaq mümkün deyil.
Şikayətçi Hüsniyyə Abbasova:
“O gün evdən uşağın başına dələ düşmüşdü yuxarıdan. Kaş ki, mən onun leşini saxlayardım, göstərəydim ki, görün, mənim evimə nələr yağır. Hörümçəklər, yayda ilanlar”.
Məcburi köçkün deyir ki, köçkünlər üçün salınan qəsəbələrdə onlara da ev verilməsi üçün son 3 ildə aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də hər dəfə “gözlə” cavabını alıb. Goranboy icra hakimiyyətindən verilən məlumata görə, 2012-ci ildə Mirzəyevlər ailəsinə rayonda məcburi köçkünlər üçün salınan çoxmərtəbəli binada ev təklif olunub.
Goranboy rayon İH başçısının müavini Baxış Abdullayev:
“Həmin binada Xəqanigilə də 2012-ci ildə ev təklif olunub. Lakin onlar iri və xırdabuynuzlu mal-qaraları olduğunu bildirərək, həmin bina da 5 mərtəbəli bina olduğundan onu əsas gətirərək köçməkdən imtina ediblər”.
İcra hakimiyyətindən onu da bildirdilər ki, gələcəkdə rayon ərazisində köçkünlər üçün yeni yaşayış massivi salınarsa, Mirzəyevlər ailəsinə də ev təklif olunacaq.
/oxu.az/