“Ermənistan qondarma “erməni soyqırımı” ilə fəxr edərkən, Azərbaycan Xocalı faciəsi ilə öyünmür”

“Xocalı soyqırımının 22-ci il dönümündə Azərbaycan xalqı yaşadığı dəhşətləri yenidən xatırlayır və keçdiyi yola, dərdlərinə, ona qarşı törədilən təcavüzün miqyasına qiymət verir”…

“Xocalı soyqırımının 22-ci il dönümündə Azərbaycan xalqı yaşadığı dəhşətləri yenidən xatırlayır və keçdiyi yola, dərdlərinə, ona qarşı törədilən təcavüzün miqyasına qiymət verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

 

Xalqın yaşanan faciəni göz yaşları, matəm ruhu ilə qeyd etməsinin əleyhinə olduğunu deyən millət vəkili bildirib ki, dövlətin tutduğu yol bütün beynəlxalq məkanda Xocalı soyqırımını tanıtmağa xidmət edir: “Biz həm də beynəlxalq ictimaiyyətdən bu faciəni törədənlərin cinayət əməllərinə qiymət verilməsini tələb edirik. Azərbaycan xalqının bu istəyi qeyri-adi tələb deyil və heç də faciənin il dönümü ərəfəsində yaşanan qəmli qəzəbdən yaranan mövqe sayılmamalıdır”.

 

Zahid Oruc qeyd edib ki, bir çox xalqların həyatında baş verən faciələri törədənlərin məsuliyyətə cəlb olunması göstərir ki, cinayətkarlar cəzalandırıla bilir: “Bizim üçün hazırkı dönəmdə əsas hədəf siyasi qərarlar almaqdır. Əks halda, beynəlxalq ictimaiyyətdə Xocalı soyqırımı barədə fikir formalaşdıra bilməyəcəyik. Eyni zamanda inanmırıq ki, məhkəmə təşkil olunacaq və faciəni törədənlər məsuliyyətə cəlb olunacaq. Məsələnin siyasi hədəfləri arasında digər bir hədəf isə ermənilərin qondarma “erməni soyqırımı” siyasətindən danışması və Azərbaycanın Xocalı soyqırımı həqiqətləri ilə onların “təbliğat maşınına” qarşı mübarizə aparmasıdır. Təbliğat apararkən biz diqqətli olmalı, ermənilərə bənzəməməliyik. Çünki onların öz yaşam fəlsəfəsi var ki, bu da Xocalıda qətlə yetirdikləri azərbaycanlıların şəklini çəkərək onları dünyaya erməni adı ilə tanıtmasıdır. Həmçinin soyqırımı hadisəsi ermənilərə xüsusi bir yaşamaq həvəsi verir. Lakin normal insanın Xocalıda törədilən vandalizm aktlarını, körpələrin köksünə sancılan silahları və digər vəhşilikləri adi qarşılaması mümkünsüzdür. Ermənilər qondarma “erməni soyqırımı” ilə fəxr edərkən, Azərbaycan Xocalı faciəsi ilə öyünmür. Düşünürəm ki, gələcək dönəmdə biz bu faciə çərçivəsində humanitar, ictimai, psixoloji ağrılarından çıxıb daha real siyasi, diplomatik fəaliyyəti ortaya qoymalıyıq”.

/sia/