Fevral ayında Ermənistan atəşkəsi 258 dəfə pozub

Azərbaycanın iki hərbçisi şəhid olub…

Azərbaycanın iki hərbçisi şəhid olub

 

Bakı. Rəşad Süleymanov – APA. Fevral ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi 258 dəfə pozulub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan Ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.

 

Fevral ayında Ermənistan Silahlı Qüvvələrinin daha çox Qarabağ cəbhəsinin cənubunda – Füzuli və Cəbrayıl rayonları istiqamətində aktivləşməsi qeydə alınıb. Ötən ay Füzuli rayonu istiqamətində atəşkəs rejimi 72 dəfə pozulub. Ən çox atəşkəs pozuntularının qeydə alındığı yer də cəbhənin bu sahəsi olub. Ermənilər ərazisinin kiçik qismi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Cəbrayıl rayonu istiqamətində isə atəşkəs rejimini 21 dəfə pozublar.

 

Ötən ay Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi Ağdam rayonu istiqamətində 66, Xocavənd rayonu istiqamətində 31, Tərtər rayonu istiqamətində 20, Goranboy rayonu istiqamətində 19 və Göygöl rayonu istiqamətində 2 dəfə olmaqla pozulub.

 

Ermənistan-Azərbaycan dövlət sərhədində – Qazax rayonu istiqamətində 9, Tovuz rayonu istiqamətində 9, Gədəbəy istiqamətində 8, Ağstafa rayonu istiqamətində 1 dəfə atəşkəs pozuntusu qeydə alınıb.

 

APA-nın monitorinqlərinə görə, 2014-cü ilin il iki ayında atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub. Bir hərbi qulluqçu və 1 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb.

 

 

/apa/