Son 10 il ərzində Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan sərmayələrinin həcmi təqribən 1 milyard dollar təşkil edib…
Son 10 il ərzində Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan sərmayələrinin həcmi təqribən 1 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda bildirib.
O, qeyd edib ki, təkcə ötən il ərzində investisiyaların həcmi 200 milyon dollara yaxın olub: “Ölkəmizin iqtisadi inkişafı ona gətirib çıxarıb ki, azərbaycanlı sahibkarlar artıq xaricdə yatırımlar etmək üçün lazımi resurslara malikdirlər və biz investisiya fəaliyyətinin gələcək inkişafında maraqlıyıq “.
Nazirin sözlərinə görə, eyni zamanda, ölkədə təxminən 75 Rusiya şirkəti çalışır.
Ş.Mustafayev əlavə edib ki, bununla yanaşı, əsas kapitala 628 milyon dollardan artıq sərmayə qoyulub: “Ölkələrimiz arasında azad ticarət rejimi fəaliyyət göstərir və əmtəə dövriyyəsinin dinamikası da sevindiricidir. Bu, ötən il demək olar ki, 2,6 milyard dollar təşkil etmişdi ki, bu da 2012-ci ildə olduğundan 10 faiz çoxdur “.
Nazir qeyd edib ki, Rusiyanın Sverdlovsk vilayəti bu ölkənin regionları arasında Azərbaycanın ən vacib tərəfdaşlarından biridir: “2013-cü ildə Azərbaycanla Rusiyanın bu subyekti arasında əmtəə dövriyyəsi il ərzində ikiqat artımla təxminən 277 milyon dollar təşkil edib. Azərbaycan bu əməkdaşlığın gələcək inkişafında maraqlıdır. Əməkdaşlığımızın prioritet istiqamətləri arasında maşınqayırma, metallurgiya, poladtökmə sənayesi, birgə logistik mərkəzlərin yaradılması və başqaları mövcuddur “.
/Trend/