Sarkisyan Türkiyədən “erməni soyqırımı”nı tanımağı tələb etdi

Ərdoğanın dünənki bəyanatından sonra bunu gözləmək lazım idi…

Ərdoğanın dünənki bəyanatından sonra bunu gözləmək lazım idi.

Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, Türkiyə 1915-ci ildə Osmanlı İmperiyasında baş verən “erməni soyqırımı”nı tanımalıdır. Onun fikrincə yalnız bu yolla buna bənzər halların qarşısını almaq olar.

Oxu.Az İnterfaks-a istinadən bildirir ki, Serj Sarkisyanın “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş müraciətində deyilir:

“Osmanlı imperiyasının xələfi olan dövlət əyani faktı görməzlikdən gəldiyi müddət ərzində Erməni soyqırımını bitmiş hesab etmək olmaz. Biz əminik ki, cinayətdən imtina etmək onun birbaşa davamı deməkdir. Yalnız etiraf və qınaq belə cinayətlərin təkrar olunmasının qarşısını ala bilər”.

Bununla yanaşı, o bəyan edib ki, türk cəmiyyətini düşmən hesab etmir “Günahsız qurbanların xatirəsi önündə baş əyərək, o çətin günlərdə barbarlar tərəfindən məhv edilən erməni qonşularına əl uzadan, işğalçıların caynağından erməni uşaqlarını xilas edən türkləri və türk ailələrini unutmayacağıq”, – Ermənistan prezidentinin müraciətində deyilir.

23 aprel tarixində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilk dəfə erməni soyqırımının qurbanlarının indiki nəslinin nümayəndələrinə başsağlığı verib. 

“Biz XX əsrin əvvəllərində baş verən hadisələr zamanı həlak olan ermənilərin ruhunun huzur içində yatmalarını diləyirik, onların nəvələrinə isə başsağlığı veririk”, – deyə siyasətçi bildirib.

www.oxu.az