Ukraynada səfərbərlik başladı

“Bu, ölkənin ərazi bütövlüyü üçün təhlükə yaradır”…

“Bu, ölkənin ərazi bütövlüyü üçün təhlükə yaradır”.

Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov dövlətin müdafiə qabiliyyətini yüksəltmək üçün məcburi hərbi xidmətin bərpa edilməsi haqda fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, hərbi mükəlləfiyyətdən azad edilmiş və ya möhlət hüquqlu vətəndaşlar istisna olmaqla 18-24 yaş arasında olan kişilər bu fərmana əsasən hərbi xidmətə çağırılır.

“Ukrayna prezidentinin rəsmi xəbərləri”ndə bu tədbirin səbəbi “Ukraynanın şərqində və cənubunda ictimai-siyasi vəziyyətin kəskinləşməsi, qarşısı alınmamış aqressiya faktı, Donesk və Luqanskda qeyri-qanuni yaradılmış Rusiyayönümlü silahlı qüvvələrin fəallaşması, dövlət hakimiyyəti orqanlarının, hərbi orqan idarələrinin, hərbi hissələrin binalarının, nəqliyyat qovşaqlarının zəbt edilməsi Rusiya Federasiyası tərəfindən Ukraynanın daxili işlərinə müdaxilə və ərazi bütövlüyünə təhlükə yaratmasıdır” kimi qeyd olunur.

Sonuncu dəfə Ukrayna ordusuna çağırış 2013-cü ilin oktyabrında olub. 2014-cü ildən isə məcburi hərbi xidmətin ləğvi planlaşdırılıb. Ancaq ölkə parlamenti silahlı qüvvələrin yaradılması ilə əlaqədar məcburi hərbi xidməti bərpa edib.

Ukrayna ordusunun 2014-cü ilin sonuna qədər müqavilə üzrə formalaşdırılması nəzərdə tutulub.

2013-cü ilin sonuna olan məlumata görə ordunun sıravi və çavuş heyətinin 60 faizi müqavilə üzrə formalaşdırılıb. 

www.oxu.az