Yeni müharibə qığılcımları közərir

 Ermənistan çox ağır vəziyyətdədir. Daha doğrusu, Yerevandakı iqtidar 1998-ci ildən bəri belə çıxılmaz, fəsadlı duruma düşməmişdi.

Ermənistan çox ağır vəziyyətdədir. Daha doğrusu, Yerevandakı iqtidar 1998-ci ildən bəri belə çıxılmaz, fəsadlı duruma düşməmişdi.

Serj Sarkisyan siyasi nokautda sayıla bilər və bu, əsla təhkiyə, alleqoriya deyil.
 
Ermənilərin bel bağladıqları, özlərinə hami saydıqları iki dövlət olan ABŞ və Rusiya onların “ən ülvi ümidlər “ini “puç ” etməklə yanaşı, Yerevandakı rejimin xarici siyasətindəki aqressivliyə bundan sonra da dözmək niyyətində olmadıqlarını bildiriblər.
 
İki tərs sillə
 
İlk zərbə Rusiya istiqamətdən gəldi. Şimal haminin Yerevandakı canişini, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin müsahibələrindən birində diplomatik etiketi bir kənara ataraq Sarkisyan hakimiyyətini sərt tənqid etdi, sonra isə birbaşa ultimatum səsləndirərək Ermənistandakı “bir sıra təşkilatların fəaliyyətinin daha ciddi tənzimlənməyə, ölkədəki informasiya məkanının nəzarətə götürülməsi “nin vacibliyini vurğuladı.
 
Bu, Ermənistanın daxili siyasətinə Rusiyanın birbaşa müdaxiləsi ilə yanaşı, ermənilərin ölkəsindəki situasiyanın Moskvanı zinhara gətirməsinə işarə idi.
 
İ.Volınkin artıq çox aydın şəkildə bildirir ki, Serj Sarkisyan hakimiyyətinin davranışı Moskvada dərin şübhələr yaradır: Yerevan Rusiyaya tam sədaqət və itaət göstərdiyini vurğulasa da, ABŞ və Avropa Birliyi ilə təmasları da intensivləşdirməyə çalışır.
 
İki ağaya birdən nökərlik etmək fəndgirlik, usta hiyləgərlik olsa da, ağalar narazı qalıblar.
 
Rusiya Sarkisyanın iqtidarını vədlərinə xilaf çıxaraq Qərbə meyllənməkdə, Qərb tam əksinə, demokratik cəmiyyət quruluşu və insan haqlarının təminatı ilə bağlı şüarlarına rəğmən Rusiyanın müstəmləkəsi statusunda qalmağa davam etməkdə suçlayır.
 
Birləşmiş Ştatların Ermənistandakı səfiri Con Höffern də rusiyalı həmkarı təki açıq danışıb. O, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin təklif etdiyi 6 tezisdən bəhs edib.

 

Həmin tezislər Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanmasının indiki süst durumdan çıxarılmasını və problemin həllini nəzərdə tutur.
 
“Siyasətin məqsədi münaqişə edən ölkələrin xalqlarının differensiasiya apara bilmələridir. “Differensiasia ” isə Dağlıq Qarabağın statusu ilə ətrafdakı rayonların statuslarının ayrı tutulmasını ehtiva edir. Bu ərazilər fərqlidir və təbii ki, nəticələr də fərqlənməlidir “, – C.Höffern deyib.
 
Amerikalı səfirin açıqlamaları son illərdə Vaşinqtonun Yerevana ünvanladığı, bəlkə də, ən sərt xəbərdarlıqdır.
 
Ultimatum da sayıla bilər
 
Yerevandan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməsi tələb olunur. Səbəb Rusiyanın son geosiyasi addımları, xüsusilə də Ukraynanın Krım Muxtar Respublikasının “referendumun nəticələri “nə əsasən Rusiyaya birləşməsidir.
 
Rusiyanın postsovet məkanında aktivləşməsinin və xüsusilə də ərazilərini genişləndirməsinin qarşısını almaq istəyən Qərb Krım ssenarisinin Cənubi Qafqazda hər hansı formada və ya səviyyədə təkrarlanmasına yol verməyəcəyini qətiyyətlə vurğulayır.
Amerikalı səfirin açıqlamaları faktiki olaraq erməni işğalında olan ərazilərimizin azad edilməsi üçün ABŞ-ın Azərbaycana verdiyi kart-blanş da sayıla bilər.
Belə durumda Yerevan nə edir – maraqlıdır.
Ermənistan prezidenti Serj Sarkisyan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısına qatılmaq üçün Moskvaya yollandı. Orada Tacikistan, Belarus və Qırğızıstan prezidentləri də vardı.
 
S.Sarkisyan çıxışında bildirdi ki bəs “təhlükəsizlik, xüsusilə də kənar problemlərlə bağlı KTMT üzvlərinin fəaliyyəti daha sərt şəkildə tənzimlənməlidir “.
 
Serj Sarkisyan artıq neçənci dəfədir ki, KTMT-yə üz tutur, dil tökür, “müttəfiq “lərindən yardım istəyir. Fəqət, Ermənistan üçün problem odur ki, KTMT üzvü olan dövlətlər kağız üzərində vahid birliyin üzvü sayılsalar da, xarici siyasət məsələlərində çox fərqli mövqelərə malikdir.
 
Ermənistan prezidenti çıxışında KTMT-nin çevik qüvvələrinin döyüş hazırlığı səviyyəsi və onların “gərəkli vaxtda gərəkli yerə çatdırılma sürəti ” məsələlərini də müzakirə etməyə çalışıb.
 
Yerevandakı iqtidarın rəhbərini “qəflətən ” bu məsələlərin narahat etməsi də Ermənistanın xoflanmasından xəbər verir.
 
S.Sarkisyan Dağlıq Qarabağda yeni hərbi əməliyyatlar başlayacağından qorxur və KTMT-dən “təhlükəsizliyin təminatı ilə bağlı vədlər ” istəyir.
 
O, çıxışını KTMT-dən gileylənməklə və Rusiyaya yalvarışla başa vurub, açıq-aşkar bildirib ki, Ermənistan KTMT-nin maraqlarını qoruyaraq “bəzi məsələlərdə qonşu dövlətlərdə münasibətlərə zərbə vurur, amma bunun müqabildə heç nə almır: əksinə, KTMT üzvü olan ölkələr bəzi qərarları və addımları ilə Ermənistanın maraqlarını ayaqlar altına atırlar “.
 
İmdad diləyən atılmış
 
Göründüyü kimi, Ermənistan postsovet məkanı ilə bağlı xarici siyasətində çaşıb, azıb. Serj Sarkisyanın çıxışında və Yerevanın diplomatiyasında geosiyasi məntiq, aydın və dəqiq strategiya yoxdur.
 
Belə də olmalıdır: müstəqillik və suverenliyini itirmiş dövlət ayrı cür davrana bilməz.
 
Ermənistan prezidenti Rusiyanın dövlət başçısından təhlükəsizlik təminatı almaq üçün Moskvaya yollanmışdı. Lakin o, təminatları almamaqla yanaşı, anladı ki, Dağlıq Qarabağda yeni müharibə başlarsa, Rusiya ermənilərə genişmiqyaslı dəstək verməyəcək.
 
Sarkisyan çıxışında faktiki olaraq Rusiyanı Dağlıq Qarabağa “KTMT-nin sülməramlı kontingenti ” adı ilə qoşun yeritməyə çağırsa da, ermənilərin dövlət başçısının bu isterik yalvarışları qulaqardına vurulub.

Beləcə, Dağlıq Qarabağ məsələsində Ermənistanın aşkar müttəfiqləri yoxdur. ABŞ Dağlıq Qarabağın “müstəqilliyini ” bundan sonra da tanımayacağını, Azərbaycanın işğalda olan rayonlarının azad edilməsini istədiyini, Yerevandakı hakimiyyətə inanmadığını bildirib.

 
Rusiya və KTMT üzvü olan başqa ölkələr də Dağlıq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə, ermənilərə arxa durmayacaqlarını dedilər.
 
Orta Asiya ölkələri və slavyan dövlətlərin KTMT-də öz “blok “ları var, onlar maraqlarını Ermənistana görə unutmaq niyyətində deyillər.
 
Yerevan tək qalıb
 
Əvvəlcə Şərqi Avropada, sonra da Ukraynada baş verən hadisələrdən sonra ABŞ Cənubi Qafqazdakı siyasətlərinə dəyişikliklər etməyə başlayıblar.
 
Gürcüstana diqqət artıb, Azərbaycan amerikalıların Cənubi Qafqazdakı aparıcı strateji tərəfdaşına çevrilib.
 
Ermənistan müstəqilliklə suverenitetini çoxdan itirərək Rusiyanın forpostu rolunu oynadığından ABŞ-ı geosiyasi vahid kimi maraqlandırmır.
 
Bu isə Ermənistanın siyasi xəritədən belə, tam silinməsindən xəbər verir.
 
İş o yerə çatıb ki, Yerevan “siyasi maraqlar zonası ” qisminlə ABŞ və Rusiya ilə yanaşı, İranı da artıq əsla maraqlandırmır.
 
ABŞ Türkiyənin bölgədə möhkəmlənməsinin qarşısının alınması, İranın zəiflədilməsi üçün Ermənistana müəyyən “stavka “lar edirdi. Lakin indi Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətlər aktivləşdiyindən, Qara dəniz-Cənubi Qafqaz və Yaxın Şərq regionlarındakı problemlərlə bağlı yeni sövdələşmələr əldə olunduğundan Cənubi Qafqazda qüvvələrin balanslaşdırılması siyasətinə bundan belə riayət etməyə lüzum qalmır.
 
ABŞ, bəlkə də, Dağlıq Qarabağla bağlı belə aktivləşməzdi: Vaşinqtonu vadar edən məqam Ermənistanın bütünlüklə Rusiyanın vassalına dönməsidir.
 
Ötən ilin sentyabrın 3-də Gömrük Birliyinə qatılanda Ermənistan rəhbərliyi anlamalıydı ki, ölkəni geosiyasi fiaskoya və uçuruma aparır.
 
İndisə Yerevan xofdadır, Dağlıq Qarabağda müharibənin başlayacağından qorxur.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan “torpaqlarımızın hər qarışını qorumağa hazırıq ” deyir. Amma ermənilərin ordusunun vuruşması üçün əmr lazımdır. Əmr isə olmaya bilər, çünki Yerevan bütün əmrləri Rusiyadan alır.

 
ABŞ və Avropa Birliyinin Rusiya ilə bağlı mülayim siyasətinin eksperimentlər dövrü Ukraynadakı olaylardan sonra başa çatdı.
 
İndi amerikalılar Rusiyanın regiondakı son mövqelərinin itirilməsinə səbəb olacaq hadisələrdə maraqlıdır və Moskvanı Avropadan mümkün qədər uzaqda hərbi münaqişəyə cəlb etməyə çalışır.
 
Ermənistan belədə çox zavallı, bədbəxt durumda olacaq.
/Milli.az/