Bir ailənin həyatını cəhənnəmə çeviriblər

 Məcburi köçkünün başına gəlməyən qalmayıb: torpağı qəsb olunub, döyülüb, cərimələnib və həbs təhlükəsi altındadır
Aydın Ələsgərov Ağdam rayonundan məcburi köçkündür…

Məcburi köçkünün başına gəlməyən qalmayıb: torpağı qəsb olunub, döyülüb, cərimələnib və həbs təhlükəsi altındadır
Aydın Ələsgərov Ağdam rayonundan məcburi köçkündür. 1992-ci ildə Ağdamın ermənilər tərəfindən işğalından sonra ailəsini götürüb paytaxta pənah gətirib, qaçaqaçda maşın qəzaya düşüb, anası həlak olub. Bakıya gələndən sonra Nizami rayonunda 154 saylı uşaq bağçasında məskunlaşıblar. Deyir, 2 il əvvəl bağçanı sökdülər, tökdülər yerə, camaatı da aparıb Mehdiabada yığdılar. Aydın Ələsgərov: “Yaşadığımız yer köçkünlər üçün salınan qəsəbə deyil, 6 mərtəbəli evlərdir. Spiker Oqtay Əsədovla deputat Rəfael Cabraylov o evləri tikdirmiş, sata bilməmişdilər. Qaçqınkomun müraciəti ilə Maliyyə Nazirliyi pul köçürdü, evləri alıb bizi orada yerləşdirdilər. Amma, evin sahibi olduğumuz barədə heç bir sənəd verməyiblər, kirayə kimi yaşayırıq”. 
Dediyinə görə, 1999-cu ildə Suraxanı rayonu Bülbülə qəsəbəsində 0,08 ha torpaq sahəsi alıb. Torpağı bir qadından 5 min manata satın alıb, Torpaq Komitəsi də ərazini onun mülkiyyətinə verib. O vaxtdan da yeri özəlləşdirib, sənədləri qaydasındadır. Ondan 0,03 ha ərazini satıb. Qalan bir hissəsini hasara alıb, kiçik bir sığınacaq tikib, meyvə ağacları əkib. 0,01 ha qanuni torpağı da ona bitişik olan 0,02 ha sahə ilə dəmir çəpərə alıb, setkadan “darvaza” düzəldib. 
Aldatdı, torpağına göz dikdi…
A.Ələsgərov: “Mənim orada əlavə 0,02 ha sənədsiz  torpağım da var. Amma 2000-ci ildə mərhum prezident Heydər Əliyevin, 2008-ci ildə də Prezident İlham Əliyevin qərarı var ki, kimin zəbt olunmuş torpağı varsa, özünə satılsın. Əgər mən torpağı istəmirəmsə, ondan yazılı şəkildə imtina edə bilərəm. Bundan sonra ərazi satıla bilər. Amma hazırda torpaq mənə aiddir. Əkirəm, becərirəm, meyvə ağaclarım var. Səhəttimdə problemlər yarandığından, həyətyanı sahəmə az-az getməyə başladım. Bir il bundan əvvəl gəlib gördüm ki, həyətimə daş-qum töküblər. Mənim gec-gec getdiyimdən istifadə edib ona bitişik qanunsuz ev tikiblər. Evi tikdirən Gündüz məndən müvəqqəti yol istədi, dedi ki, bura sənin həyət-bacandır, mülkü tikəndən sonra sizin həyətə olan hissəni bağlayacam, arxa tərəfdən gedib-gələcəm. 6-7 ay sonra evin tikintisi bitdi. Mən bir köhnə darvaza aldım. Fikirləşdim ki, usta gətirib qapını yerinə qoyum. Gündüz, yoldaşı, baldızları, qayınanası üstümə hücum çəkdilər. Təzyiqlə, təhqirlə darvazanı qoymağıma imkan vermədilər. Torpağın çıxarış sənədlərini onlara göstərdim. Onların sənədi yoxdur. Evi qayınanasıgil tikib satır. Yalandan  qızı üçün tikdirdiyini deyir, amma satmaq məqsədilə inşa edirlər. O biri tərəfdən maşın yolu yoxdur, mənim həyətimdən yol istəyirlər. Daha doğrusu, sənədli torpağımı ləğv edib özünə yol açmaq niyyətindədir. Həmin gün qadınları məni söydülər, daş atdılar, qaçqınlığımızı başımıza vurdular. Davada gəlib məni 31-ci polis bölməsinə apardılar. Adətən dava olanda birinci polis, sahə müvəkkili gəlir. O davada mənim üstümə ilk olaraq təhqiqatçı Araz Osmanov gəldi. Dedilər, guya mən o qadını döymüşəm, əlini də laqonda ilə kəsmişəm. Qurulmuş işdir. Hadisə mənim həyətimdə olub, onlar mənə hücum çəkiblər. 10 manat verib guya əlini yaraladığım barədə də həkimdən saxta kağız aldılar”.
3 sot torpağı risk altındadır  
Torpaq üstə mübahisə məhkəməyə qədər gedib çıxıb. Suraxanı rayon məhkəməsinin hakimi 27 aprel 2013-cü il tarixli qərarında A.Ələsgərovu təqsirli bilib, onu 1000 manat cərimə edib. Bakı Apellyasiya Məhkəməsi də Ələsgərovun şikayətini təmin etməyib, qərarı dəyişdirmədən saxlayıb. 
A.Ələsgərov başına gələnlərdə 31-ci polis bölməsinin rəisi və sahə müvəkkilini günahlandırır: “31-ci polis bölməsinin rəisi İmam Mehdiyev qanunsuz ev tikintisini himayə edir, bu rayonda ev tikib satmaqla şərik pul qazanırlar. Heç kim ona bata bilmir. Rayonda icra başçısı, prokuror, hamı ondan çəkinir. Sahə müvəkkili Nəsimi də gedib-gəlib Naxçıvanın Sədərək rayonundan olan Gündüzgili müdafiə edir. Gəlib burada öz aralarında mənim torpağımı bölürlər. Rəisin tapşırığı ilə mənə cərimə kəsdilər. Öz qapımda hücuma məruz qalan, döyülən-söyülən də mən, cərimə olunan da. II qrup əlil, Qarabağ müharibəsi veteranı, məcburi köçkün olduğuma görə guya məhkəmə güzəşt elədi. Təhqiqatçı A.Osmanov işi səhv apardı. O, istintaq işində yazıb ki, mən qonşunun həyətinə hücum çəkib dava salmışam. Adresimi yanlış yazıb göstərir ki, guya torpağım sənədsizdir. Düzgün araşdırmırlar. Hökumətin məmurları olanların tərəfindədir. Mənim isə 3 sot torpağım risk altındadır. Torpaq Komitəsindən də gəlib onların sözünü deyirlər. Koordinatları göstərirəm, ölçünü başqa yerdən vururlar. BT-dən də nümayəndə ölçməyə gəlmişdi. Telefonuna zəng gəlir, “bəli, başa düşdüm, yol verməliyəm” deyir. Gözüm baxa-baxa torpağımı əlimdən alırlar”. 
“Təhqiqatçı ilə sahə müvəkkili məni tutduracaqları ilə hədələyirlər”
Soruşuram ki, qarşı tərəf torpağı satın almaq məqsədilə heç pul təklif edibmi? Müsahibim deyir ki, onlar belə bir təşəbbüsdə bulunmayıblar: “Güclü adamlardır, pulları var, polis rəisi ilə “iş görürlər” deyə zorakılıqla torpağıma sahib çıxmaq istəyirlər”.
Əvvəllər burada 0,01 ha torpaq sahəsinin qiyməti 2 min manat civarında olub. Hazırda qiymət bundan bir neçə dəfə bahadır. Məcburi köçkün özü 160 manat, yoldaşı isə 124 manat pensiya alırlar. Veteranlığa görə ayrıca müavinət almır, 45 manatın cəmi 10 faizi pensiyasının üstünə əlavə olunur. Bir də adambaşına 18 manat “çörəkpulu”. Vəssalam. Ailənin gəliri bundan ibarətdir: “Müştəri gətirirlər, evin şəkillərini çəkib aparırlar. Onları xəbərdar edirəm ki, bura mənim həyətimdir və gəlib-gedənə deyirəm, buradan sizə qapı verməyəcəm. Çıxıb gedirlər, evi almırlar. Mən xəstəyəm, əsəbiyəm. Yuxum yoxdur, dərmansız yata bilmirəm. Bu problem də məni bir tərəfdən yorur. Dövlət başçısının fərmanını icra eləmirlər. Daxili işlər naziri Ramil Usubovla görüşmüşəm. Nəticə yoxdur. Polis rəisi hər dəfə sahə müvəkkilini üstümə göndərir. Nəsimi ilə Araz da məni tutduracaqları ilə hədələyirlər”. 
 
“Onlarla dalaşdıq, qapı qoymağa imkan vermədik”
Əlimdə olan A.Ələsgərovun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda 16 may 2006-cı ildə qeydiyyata alınan, istifadəsi fərdi yaşayış üçün nəzərdə tutulan 0,05 ha torpaq sahəsinin ünvanı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi göstərilir. Mübahisəli ərazinin ünvanı isə Deputat küçəsi 53-dür. A.Ələkbərov deyir ki, əvvəllər küçənin adı S.Bəhlulzadə olub, sonradan dəyişdirilərək Deputat küçəsi qoyulub. Lakin, sənədlərdə ünvanı dəyişdirməyib. Bütün qonşularda belədir. A.Osmanov da bunu bəhanə gətirib onun torpağının çıxarışdakı ünvanda olduğunu deyir. Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə söhbətigedən ünvanda 0,06 ha torpaq sahəsinin A.Ələsgərova məxsusluğu təsdiqlənir. Sənədlərdə torpaq sahəsinin fərqli olması ondan irəli gəlir ki, müsahibim onun bir hissəsini satıb. 
Mübahisəli ünvana gəldim. Şəkildə gördüyünüz üçmərtəbəli ev qayalıqların üzərində tikilib. Mübahisəli yer də onun qarşısındakı kübiklər yığılan torpaq və onun ətrafıdır. Qapını döydüm, özünü Fuad kimi təqdim edən yetniyetməyə satlıq ev axtardığımı dedim. Bildirdi ki, satılan ev onun ailəsinə məxsusdur. Dəvət etdi ki, evə baxım. Evin bir çox işləri görülsə də, yarımçıqdır, suvaq işləri bəzi otaqlarda başa çatmayıb, tavan vurulmayıb və s. Qiymətini soruşdum, 100 min manat dedi. 2 həftədir dayısının evindən yarımçıq bu mülkə köçüblər. Dayısı evlənir, indi ayrı yaşamağa məcburdurlar. Lakin evi də satırlar. Həyətin evə aid olub-olmadığını soruşdum, gah dedi ayrıca pul verib almalısız, gah dedi bu evə aiddir, axırda da dedi, dayısı bilir. Torpaq sahəsinin kimə aid olduğu barədə yeniyetmə bir qərara gələ bilmədi. Amma söhbət əsnasında qonşu ilə münaqişəni də danışdı. Dedi ki, “qırmızı divarlı evin sahibi buraya darvaza qoymaq istədi, biz də dalaşdıq, yanğısöndürmə idarəsi və təcili yardımdan kağız almışıq ki, bura qapı qoymaq, yolu bağlamaq olmaz”. 
120 min manatlıq evin 26700 manat vergisi ödənəcəkmi?
Ailəsinə aid marketə getdim ki, “sövdələşmə” real olsun. Dükanda yaşlı bir qadın əyləşmişdi. Mübahisə zamanı əli yaralandığı deyilən Zeynəb Süleymanova sözügedən evlə maraqlandığımı biləndə oraya özünün getmək istəmədiyini dedi, dükana bitişik evdən oğlu Muradı səslədi. 30 yaşlarında bir kişi gəlib hansı evlə maraqlandığımı soruşdu. Başa düşdüm ki, seçim imkanım var. Dedim, bu ərazidə satlıq neçə ev varsa, baxmaq istəyirəm. O da məni iki müxtəlif evə gətirdi. Hər ikisinin bacılarına aid olduğunu dedi. İkisində də qismən olsa yaşayış vardı. Həyətsiz evlərdən birinin qiyməti 70 min manat, o birininki də 50 min manat idi. Ikinci tikintisi başa çatmamış ev mübahisəli mülkə yaxın idi. 
Maraq xatirinə soruşdum ki, həmin evin sənədləri qaydasındadırmı? Dedi, sənədsizdir, kupçası yoxdur, sadəcə bələdiyyədən kağızı var. Qiyməti də Fuadın dediyi kimi 100 min yox, 120 min manatdır. Murad dili ilə təsdiqlədi ki, ev sənədsizdir. O, burada torpaq sahəsinin 10-15 min manat olduğunu söylədi. Yolda dedim ki, ilk dəfədir ev alıram, soruşdum, evi alarsam, vergisini hansı tərəf ödəyəcək, mən, yoxsa siz? Dedi ki, notariusda özü hər şeyi həll edəcək. Dedim, axı notariusla maraqlanmıram, vergisini soruşuram. Dedi “bizlikdir”. Amma, onun özünün vergi öhdəliyindən xəbərdar olduğunu düşünmürəm. 
Hər halda evi satandan sonra vergi ödəyib ödəməyəcəyi ilə maraqlanacam. 195 vergi xidmətindən öyrəndiyim kimi beynimdə bu evdən büdcəyə ödənəcək vəsaiti hesabladım. 30 min manata görə pulun 14 faizi 4200 manat + 90 min manatın 25 faizi 22500 manat. Deməli, Muradgil 120 min manatlıq üçmərtəbəli evi satandan sonra dövlətə 26700 manat vergi ödəməlidirlər.  
“Cinayətkar” laqonda axtarışdadır
İttihamnamədə A.Ələsgərovun qonşusunun əlini laqonda ilə kəsdiyi göstərilir. Suç varsa, suç aləti də olmalıdır. Lakin, Ələsgərov deyir ki, polis mübahisə yerindən laqonda götürməyib. Orada yerli-dibli laqonda olmayıb. Heç qadının əli də kəsilməyib. 
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı A.Osmanovla telefon əlaqəsi yaratdım. A.Osmanovun məsələyə münasibətinə dair cavabını olduğu kimi yazıram: “Bu məsələ barəsində mən heç nə araşdıra bilmərəm. Əgər siz istəyirsizsə, müraciət edin. Bizim cənab nazirə qədər bu məsələni araşdırıblar. Bu barədə mən heç bir açıqlama vermirəm. Onun mənə qarşı olan mövqeyi düşmən mövqeyidir. Vsyo. Qurtardı getdi”. 
Onda mən suç aləti olan laqondanin yerini təhqiqatçıdan xəbər aldım. Soruşdum, bu laqondanı müsadirə elədiniz, ya yox? “Onu gedin Süleymanova Zeynəb xanımdan soruşun”, dedi. Dedim axı laqondanın Ələsgərovun olduğunu yazmısız, Zeynəb Süleymanovanın bura nə dəxli? Cavabı belə oldu: “Hər bir halda mən sizə dedim də. Birincisi, mən dövlət işçisiyəm, polis mayoruyam. Mən sizə heç vaxt intervyu vermirəm. Mənim rəhbərim icazə vermədən heç bir açıqlama vermirəm. İkincisi, o, təhqiqat materialıdır. Təhqiqat materialı məxfi materialdır. Mən onun barəsində sizə heç bir açıqlama verməyəcəm. Siz istəyirsiz “zapros” verin, maraqlanın, bizim Suraxanı Polis İdarəsi, Bakı Baş Polis İdarəsi, Daxili İşlər Nazirliyi var, onun mətbuat mərkəzinə müraciət eləyin. Sizə ordan nə lazımdırsa götürün, özünüz araşdırın”. 
Yenə də sual verdim ki, siz o suç alətini tapmısız, yoxsa tapmamısız? Çünki, məhkəmə qərarlarında belə bir alətin müsadirə olunduğu yazılmır. Artıq istintaq da çoxdan başa çatıb, ortada məhkəmə qərarı var. Deməli, məxfi məlumat deyil. A.Osmanov: “Nə sözünüz varsa, sizin qulluğunuzdayam. Mənim 46 yaşım var. 22 ildir polisdəyəm, dünən gəlməmişəm. Mənim jurnalist, redaktor dostlarım da var. Adların saysam, deyərsiz, Araz müəllim respublikanın hamısını tanıyır ki”. 
Nəysə, Araz müəllim “cinayətkar” laqondanın yerini mənə demədi. Yəqin heç onun yerini özü də bilmir. Məhkəmə sənədlərindən də başa düşdüyümə görə ortada suç aləti yoxdur. Bu xəstə, yazıq adam 1000 manat cəriməni hansı əsasla aldığını bir Allah bilir, bir də o cəriməni yazanlar.  
/Bizim.yol/