İlham Əliyev Azərbaycanın Qarabağ üzrə qəti mövqeyi haqqında danışdı

“Bu, bizə qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir”…

“Bu, bizə qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir”.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu mayın 21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı çərçivəsində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir:

“Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub.

Bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədiblər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb.

Beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm”.

Prezident bəyan edib ki, münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycan son illərdə sürətli inkişaf dövrünü yaşayır:

“İqtisadiyyatımız 3 dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşüb. Bu inkişaf Azərbaycanda sabitliyin təmin olunması nəticəsində əldə edilib. Eyni zamanda, bu nailiyyətlər sabitliyi daha da möhkəmləndirir.

Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilib.

Ölkəmizin neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük perspektivləri var.

Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək, iki qitənin nəqliyyat təhlükəsizliyində vacib rol oynamağa başlayır. Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırıb. 2003-2014-cü illər ərzində ölkənin nəqliyyat sahəsinə 21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik sektoruna 1,3 milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları vəsait qoyulub.

Azərbaycan Xəzər dənizində ən böyük limanı inşa edir. Bakı yaxınlığında tikilən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı yük daşımalarının birinci mərhələdə 10 milyon tona, ikinci mərhələdə isə 20 milyon tonadək artırılmasına imkan verəcək. Bu ilin aprel ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı da açılıb.

Biz, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə veririk. Maliyyə yükünün böyük hissəsini Azərbaycanın öz üzərinə götürdüyü Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin əvvəlində istismara veriləcək. Bu, Asiya ilə Avropanı birləşdirən ən rahat və qısa yol olacaq.

Azərbaycanın orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən tranzit optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə verdiyi töhfədir”.

www.oxu.az