AŞPA-nın yay sessiyasının gündəliyi açıqlandı

İyunun 25-də Azərbaycan prezidentinin sessiyada çıxışı nəzərdə tutulub…

İyunun 25-də Azərbaycan prezidentinin sessiyada çıxışı nəzərdə tutulub.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də Strasburqda keçiriləcək yay sessiyasının gündəliyi bəlli olub. 

Oxu.Az xəbər verir ki, APA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiyanın ilk günündə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək. Daha sonra o, parlamentarların suallarını cavablandıracaq.

Həmin gün qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda tərəqqi hesabatı dinləniləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı müzakirələr olacaq.

İyunun 25-də Azərbaycan prezidenti İlham Əliyev sessiyada çıxış edəcək.

Sessiya zamanı Avropa Şurası baş katibi vəzifəsinə seçki keçiriləcək və Avropa İnsan Haqları Məhkəməsinə yeni hakimlər seçiləcək.

Bundan əlavə, sessiyada Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi, yuvenal ədliyyə və bir sıra digər mövzular üzrə debatlar keçiriləcək.

www.oxu.az