Milli Qəhrəmanın adı yenidən məktəbə verildi

Nazirlik məsələni diqqətdə saxlamışdı…

Nazirlik məsələni diqqətdə saxlamışdı.

Milli Qəhrəman Tahir Həsənovun adı yenidən 23 saylı məktəbə verildi.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Tahir Həsənovun anası oğlunun adının təhsil ocağından götürüldüyünü bildirmişdi. 

Məsələni araşdırdıqdan sonra məlum olmuşdu ki, məktəb yenicə təmirdən çıxıb və Milli Qəhrəmanın əşyalarından ibarət guşə saxlanılsa da, onun portreti və büstü götürülmüşdü. 

Qalibə Budaqovanın da tək təsəllisi məktəbin oğlunun adını daşıması idi. Milli Qəhrəmanın adının məktəbdən götürülməsi isə onu çox sarsıtmışdı. Təhsil Nazirliyindən də məsələnin diqqətdə olduğu və yaxın 2-3 gün ərzində həllini tapacağı bildirilmişdi. 

Artıq problem həllini tapıb.

Qeyd edək ki, Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulub.

O, kəşfiyyat qrupuna rəhbərlik edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak edib, qəhrəmanlıqla vuruşub, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər mübarizə aparıb, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladıb və bir neçə düşməni məhv edib.

 

/Oxu.az/