Erməni jurnalist: Qazaxıstan və Belarus Azərbaycanın maraqlarını qoruyurlar

“Aydındır ki, Qarabağ Avrasiya İttifaqının tərkibində olmayacaq”…

“Aydındır ki, Qarabağ Avrasiya İttifaqının tərkibində olmayacaq”.

Avrasiya İqtisadi İttifaqında Qazaxıstan və Belarus Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin yaradılması üçün əllərindən gələni edirlər.

Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə bu gün erməni jurnalistləri ilə görüş zamanı, İrəvan mətbuat klubunun sədri Boris Navasardyan bildirib.

B.Navasardyanın sözlərinə görə, Qazaxıstan və Belarus fəal şəkildə Azərbaycanın maraqlarını qoruyurlar və onların planına uyğun olaraq Ermənistandan Dağlıq Qarabağa daxil olan mallar gömrük məntəqəsindən keçməlidir.

“Bu prosedurlara ən azından formal olaraq riayət edilməlidir. Praktiki prosedura gəldikdə isə, bu, erməni-Rusiya münasibətlərinin necə olmasından asılıdır. Yəni, Rusiya: “Siz, mən nə desəm onu edəcəksiz” deyə biləcəkmi? Bu isə zamanla aydın olacaq”, – B.Navasardyan məyusluqla etiraf edib.

Boris Navasardyanın sözlərinə görə, Dağlıq Qarabağ hal-hazırda gündəmdə olan məsələlərin siyahısına salınmayıb, gələcək üçün saxlanılıb. “Aydındır ki, Qarabağ Avrasiya İqtisadi İttifaqın tərkibində olmayacaq. Hətta hakimiyyət nümayəndələri belə bu haqda dolayı yolla deyiblər. Amma Dağlıq Qarabağ və Ermənistanın sərhəddində nə olacağı hələ ki, aydın deyil”, – mətbuat klubunun rəhbəri deyib.

Erməni analitiklər Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasının uzanmasını, Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin yaradılması ilə əlaqələndirirlər. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması haqqında müqavilənin Avrasiya İqtisadi İttifaqı liderlərinin oktyabr ayının 10-da keçiriləcək görüşündə imzalanacağı gözlənilir.   

www.oxu.az