Deputat və Qarabağ qazisi: Ailənin tək oğlu cəbhə bölgəsinə aparılmamalıdır

“Tək övladlı ailələr üçün dəyişikliklər mütləq edilməlidir”…

“Tək övladlı ailələr üçün dəyişikliklər mütləq edilməlidir”.

Bu, hamımızı ağrıdan xəbərə çevrildi. Çünki 23 yaşlı şəhid leytenant Allahverdi Baxışlı haqda xəbər yayılarkən bəlli oldu ki, onun atası da şəhid olubmuş. Bununla da bir nəslin davamı zərbə altına alındı. Onun şəhid övladı, eyni zamanda ailənin tək övladı olması ilə bir ailənin həyatı bitdi.

Oxu.Az xəbər verir ki, bunu Modern.az saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc şənbə günü şəhid olan Allahverdi Baxışlının timsalında ailənin tək oğlanlarının ön cəbhəyə aparılması məsələsinə münasibət bildirərkən deyib.

“Qanunvericilikdə mütləq dəyişikliklər etməliyik. Zamanında tək övladlı ailələr üçün məsələ qalxanda deyildi ki, bu, on minlərlə insanın hərbi xidmətdən qalmasına səbəb ola bilər. Amma bütövlükdə onları xidmətdən azad etmək yanlışdır”.

Z.Oruc hesab edir ki, bu məqam dislokasiyalar üzrə bölgüdə öz əksini tapmalıdır:  

“İstənilən şəkildə valideynini itirən ailənin tək övladının ön cəbhədə xidmət məsələsinə mütləq baxmalıyıq. Zənn edirəm ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri istisna hal kimi digər siyahılara daxil etməlidir. Onlar cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmət etməlidir ki, ailənin çırağı da sönməsin”.

Deputatın sözlərinə görə, parlament üzvləri cəmiyyətdən gələn çağırışları dəyərləndirirlər: 

“Söhbət ailənin tək övladlarına möhlət hüquqlarının verilməsi, yaxud xidmətə çağırılmamağından getmir. Ailə başçısını itirən, tək övladlı ailələr üçün dəyişikliklər mütləq edilməlidir. Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü kimi bu məsələni parlamentin növbəti iclaslarında qaldıracağam”.

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu da deputatın fikirlərinə dəstək verib: “Allahverdi Baxışlının şəhid olması məni də sarsıtdı, narahat etdi. Düşünürəm ki, qanunvericilikdə bu barədə bir maddə olmalıdır, əgər yoxdursa, bu böyük boşluqdur. Bir övladı olan, atasını itirən çağırışçılar ön cəbhəyə aparılmamalıdır. Atası şəhid olmuşdusa, ön cəbhəyə göndərilməməli idi. Dövlətə yalnız ön cəbhədə fədakarlıq lazım deyil”.

Jurnalistin sözlərinə görə, Allahverdi Baxışlı arxa cəbhədə saxlansa idi, onun itkisi bir nəslin tükənməsinə səbəb olmazdı: “Onun ölməsi ilə bir ailə, bir nəsil üzərində faciə quruldu. Bu, yolverilməzdir. Onsuz da Xocalı soyqırımında, Meşəlidə, Cəmillidə kifayət qədər bütöv nəsillər itirmişik. Hesab edirəm ki, indiki dövrdə evin tək oğlunu ön cəbhəyə yollamaq yolverilməzdir, bu çox ciddi qüsurdur, ciddi səhvdir. Problem aradan qaldırılmalıdır. Bu istiqamətdə müzakirələr aparılmalıdır. Bu zaman mənim də əlimdən gələn varsa etməyə hazıram”.

Qeyd edək ki, sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1991-ci ildə Hacıqabul rayonunda anadan olan leytenant Allahverdi Baxışlı şəhid olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan atası Əbülfəz Baxışlının yeganə davamçısı idi.

www.oxu.az