Qurban Qurbanov İtaliyada: Qarabağ işğaldadır

“İnşallah, torpaqlarımız geri alınacaq”…

“İnşallah, torpaqlarımız geri alınacaq”.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “İnter”lə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanov çıxışında çox güclü komandaya qarşı mübarizə aparacaqlarını bildirib.

“Yaxşı məşqçiləri var. Demək olar ki, hər oyun fərqli heyətlə oynayırlar. Xüsusilə, çempionatda son məğlubiyyətdən sonra  “İnter”in heyətində çox dəyişikilklər olacaq. Üstünlüyün rəqib tərəfində olduğunu bilirik. Bizi çətin və ağır oyun gözləyir. Çalışacağıq ki, öz oyunumuzu göstərib, sərfəli nəticə qazanaq. Nəticənin bizim üçün nə qədər uğurlu olub-olmadığını oyundan sonra deyə bilərik. İndidən bu haqda düşünmək istəmirik. Fikrim komandanı oyuna düzgün hazırlamaqdı. Əsas odur “İnter”ə oynamağa imkan verməyək. Məni də çətin sınaq gözləyir. Belə komandaya qarşı oynamaq özü bir böyük təcrübədir. Sistemlərini bilirik, futbolçularına bələdik.

Amma onlar meydana fərqli heyətlə çıxa bilərlər. Buradan xalla ayrılsaq, bizim üçün uğurlu nəticə olar. Ola bilər ki, “İnter”in çempionatdakı 1:4 hesablı məğlubiyyəti hamını yanıldır. Bu gün qrupun favoriti “İnter”di. Bizə burada nə qədər çətin olacaqsa, “İnter”ə qarşı oynamaq “Sent Etyen”ə bundan da ağır olacaq. Komandanı Milana 3 gün əvvəl tez gətirdik. Belə bir proqram tutduq ki, futbolçular bir qədər də burada artıq olsunlar və buralara uyğunlaşsınlar.  Həqiqətən də bu matçın yeri başqadı. Baxmayaraq ki, biz “Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klublarından sayılır. İlk dəfə İtaliya klubuna qarşı oynayacağıq”

Baş məşqçi həmçinin Azərbaycan torpaqlarının işğalı faktından da yan keçməyib:

“İşğal olunduğu üçün ev oyunlarımızı Ağdamda keçirə bilmirik. Hər dəfə bu sual mənə veriləndə torpaqlarımızın düşmən tapdağı altında olmağı yadıma düşür. Bunu heç kimə arzulamıram. İnşallah, torpaqlarımız geri alınacaq və biz doğma meydanımızda oynayacağıq”.

www.oxu.az