Komitə sədri azərbaycanlıların radikal olmamalarından danışdı

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri münasibətlərin yüksək səviyyədə olmasından məmnundur…

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri münasibətlərin yüksək səviyyədə olmasından məmnundur.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Mesaad İbrahim Al-Sulaimlə görüşüb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı səfir M. Al-Sulaim Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.
 
O, dini radikalizm meyllərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini önə çəkib.
 
M.Qurbanlı isə bu il Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib. Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsinin olmadığını qeyd edən komitə sədri deyib ki, hazırda müsəlman ölkələri arasında belə qruplaşmalara ən az qoşunlanlar Azərbaycan vətəndaşlarıdır.
 
M.Qurbanlı qeyd edib ki, dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsi radikalizmlə mübarizənin mühüm elementləridir.
 
Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib. 

www.oxu.az